BAKI, 28 avqust. TELEQRAF
Bu gün saat 06:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində yaşayış binasında partlayış baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub.
"Təcili tibbi yardım briqadasına ikisi uşaq olmaqla, ümumilikdə 4 nəfərin (1-i qadın, 3-ü kişi cinsli) müraciəti qeydə alınıb.
Onların hər birinə təcili tibbi yardım briqadası tərəfindən yerinə ilkin tibbi yardım göstərilib", - məlumatda qeyd olunub.
***
08:10
Xəbər verildiyi kimi, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində beşmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Teleqraf xəbər verir ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən birotaqlı mənzildə yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və vətəndaşın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
FHN-in qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaş, 1987-ci il təvəllüdlü Muqamov Teymur Musa oğlu xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində qonşu mənzillərin sakinləri təxliyə edilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
06:54
Paytaxtın Nizami rayonu, Əli Vəliyev küçəsində beşmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
FHN-in “112” qaynar telefon xəttinə partlayışla bağlı məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.