BAKI, 22 avqust. TELEQRAF
Avqustun 22-də saat 15 radələrində Astara şəhər sakini 1978-ci il təvəllüdlü Məhəbbət Qasımovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun Mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Murad Kazımzadənin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək anası Məhəbbət Qasımovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. M.Kazımzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
***
18:24
Avqustun 22-də saat 15 radələrində 1978-ci il təvəllüdlü Məhəbbət Qasımovanın yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin regional qrupundan Teleqraf-a bildirilib ki, münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən oğlu, 1999-cu il təvəllüdlü Murad Kazımzadə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
***
16:27
ASTARA, 22 avqust. TELEQRAF
Astarada ailə münaqişəsi zəminində qətl hadisəsi baş verib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Astara şəhərində oğul anasını qətlə yetirib.
Məlumata görə, şəhərin H.Aslanov küçəsində yaşayan 1999-cu il təvəllüdlü Murad Kazım oğlu Kazımzadə ailə münaqişəsi zəminində 1978-ci il təvəllüdlü anası Məhəbbət Nurəddin qızı Qasımovaya bıçaqla çoxsaylı zərbələr endirib.
Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Meyit müayinə olunmaq üçün aidiyyəti qurumlara təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.