BAKI, 15 avqust. TELEQRAF
Avqustun 13-də küçədə meyiti tapılan şair, nasir, jurnalist Kəramət Şükürov bu gün dəfn olunub.
Teleqraf xəbər verir ki, o, Masallıda atasının yanında torpağa tapşırılıb.
Mərhumun qohumu professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlişirin Şükürlü bildirib ki, Kəramət Şükürov cənazəsi onun ailə üzvləri gəldikdən sonra dəfn edilib.
“Kəramət həm qohumum, həm də kəndlimdir. Dəfn mərasimində iştirak etdim. Ailə üzvləri, oğlu, qızları dəfndən əvvəl hamısı gəldi. Övladları təxmini 40 yaşlarında olar, hamısı evlidir. Cənazəsi Göyəçöl kəndində qardaşının olduğu ata evindən götürülüb dəfn edildi. Sabahdan başlayaraq yas mərasimi təşkil olunacaq", - Ə.Şükürlü deyib.
Mərhumla sonuncu dəfə iki ay öncə görüşdüyünü deyən Əlişir Şükürlü onun xaraktercə güclü biri olduğunu bildirib.
“Vaxt tapanda onunla Görüşüb, müxtəlif məsələlərlə bağlı müzakirələr aparardıq. Səhhəti ilə bağlı çox şeyi deməzdi. Əminliklə deyirəm ki, birmənalı olaraq burada kriminal hal yoxdur. Yəqin yaşı ilə əlaqədar səhhətində problem olub. Ola bilsin ki, ölümü ürəklə bağlı baş verib. Küçədə ölü tapılması ilə bağlı xəbərlər verilir, amma insan hər halda ölə bilər. Küçədə ölməsi onun yaşayış tərzini nümayiş etdirmir”.
Qeyd edək ki, Kəramət Rza oğlu Şükürov 1957-ci ildə Masallı rayonunun Göyəçöl kəndində anadan olub.
Əmək fəaliyyətinə Göyəçöl kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlayıb.
1987-ci ildən "Yazıçı" və "Elm" nəşriyyatlarında çalışıb, Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunun direktoru olub. Bir müddət "Novruz", "Oğuz eli" qəzetləri ilə əməkdaşlıq edib. "Nəfəs", "Yeni quruluş" qəzetlərinin baş redaktoru, "Məqam" qəzetinin şöbə müdiri olub.
Tələbəlik illərindən hekayə və şeirləri dövri mətbuatda, "Ulduz" jurnalında və "Yaşıl budaqlar" almanaxında dərc olunub.