MASALLI, 22 iyul. TELEQRAF

Masallı rayonunda su kanalında boğularaq ölən 20 yaşlı İbad Əliyev Azərbaycan Ordusunun 2023-cü ildə Qarabağda erməni separatçılarına qarşı həyata keçirdiyi anti-terror əməliyyatlarının iştirakçısı olub.

Bu barədə Teleqraf-ın Cənub bürosuna məhrumun yaxınları məlumat verib.

İ.Əliyev 2005-ci ildə Masallı rayonunun Şərəfə kəndində anadan olub. Yaxınlarının sözlərinə görə, orduda xüsusi təyinatlı kimi xidmət edib, 2023-cü ilin anti-terror əməliyyatlarında fəal iştirak edib.

Məlumata görə, İ.Əliyev 2003-cü ildə şəhid olmuş əmisi ilə eyni adı daşıyırmış. Mərhumun qohumu İlqar Həsənov bu barədə belə deyib:

Əmisi şəhid olandan sonra dünyaya gəldi, adını da onun şərəfinə qoydular ki, yaşatsın. O da gəldi, belə qismət oldu. O boyda anti-terror əməliyyatında sağ qaldı, amma gəldi burada belə oldu…”

Məlumata görə, balıq tutmaq üçün su hövzəsinə gedən İbad Əliyev faciəvi şəkildə boğulub. O, ailəsinin qərarı ilə şəhid əmisinin məzarının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, Əliyev İbad Güloğlan oğlu iyulun 19-u qardaşı Ramin Əliyevlə birlikdə balıq tutmaq üçün Şərəfə kəndində yaşadığı evdən təxminən 500 metr məsafədə yerləşən kanalın kənarına gedib. Burada balıq tutan zaman o, kanala düşüb.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.