BAKI, 20 iyul. TELEQRAF

Səudiyyə Ərəbistanı kral ailəsinin üzvü, “yatmış şahzadə” Əl-Vəlid ibn Xalid əl Səud vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə “Sabq” portalı məlumat yayıb.

“Faciəvi avtomobil qəzasından sonra 20 ildən çox koma vəziyyətində qalmış şahzadə Əl-Vəlid bin Xalid bin Talal Əl Səud vəfat edib", - məlumatda deyilir.

Xatırladaq ki, “yatmış şahzadə” 2005-ci ildə hərbi kollecdə təhsil aldığı Londonda baş vermiş ağır avtomobil qəzasından sonra komaya düşüb. Həmin vaxt 16 yaşı olan gənc qəza nəticəsində ağır kəllə-beyin travması alıb. Həmçinin beyin qanaması keçirmiş şahzadə bundan sonra komaya düşüb.

Həkimlər Əl-Vəlidin həyata qayıtmaq şansının olmadığını iddia etsələr də, atası bütün bu müddət ərzində oğlunu süni həyat dəstəyi aparatlarından ayırmaqdan imtina edib.

2019-2020-ci illərdə “yatmış şahzadə”nin guya əlini tərpətməsi barədə məlumatlar yayılsa da, iyulun 19-da onun ürəyi dayanıb.