BAKI, 15 iyul. TELEQRAF

Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

M.Şıxlinskinin hüquq-mühafizə orqanı əməkdaşına zərər yetirdiyi iddia olunur. Onun hazırda sorğu-sual edildiyi bildirilir.

M.Şıxlinksinin ittiham olunduğu maddə hələ məlum deyil. Onun müvəqqəti saxlama təcridxanasına yerləşdiriləcəyi və daha sonra barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

İddia edilir ki, M.Şıxlinksi bu ayın əvvəlində atasının saxlanılması zamanı idarə etdiyi avtomobili ilə xüsusi təyinatlılardan birini vurub.

Qeyd edək ki, Ş.Şıxlinski iyulun 1-də saxlanılmışdı. O, Səfərov qardaşlarına qarşı cinayət işi üzrə şahid kimi dindirildikdən sonra sərbəst buraxılmışdı.