
BAKI, 6 iyul. TELEQRAF
ABŞ-nin Texas ştatında güclü yağışlar və Qvadalupe çayının daşması nəticəsində baş verən daşqın nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.
Teleqraf CNN-ə istinadən xəbər verir ki, Kerr dairəsində 43 nəfər, Bernet dairəsində 3 nəfər, Trevis dairəsində isə 4 nəfər təbii fəlakətin qurbanı olub.
Onlarla insan itkin düşmüş hesab olunur, onların arasında yay düşərgəsinə gəlmiş 20-dən çox qız da var.
ABŞ Prezidenti Donald Tramp federal hakimiyyətin daşqının fəsadlarının aradan qaldırılmasında ştata yardım göstərdiyini bəyan edib. Ölkənin daxili təhlükəsizlik naziri Kristi Noem hadisə ilə bağlı Texasa gəlib.
***
02:15
ABŞ-nin Texas ştatında güclü yağışlar və Qvadalupe çayının daşması nəticəsində baş verən daşqın nəticəsində azı 32 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə Kerr dairəsinin şerifi Larri Leyta bildirib.
"Hazırda 32 nəfərin öldüyü məlumdur. Onlardan 18-i böyüklər, 14-ü isə uşaqlardır", - o, yerli telekanalların yayımladığı mətbuat konfransında bildirib. Şerif axtarış-xilasetmə işləri davam etdikcə qurbanların sayının arta biləcəyini deyib.
Texas qubernatoru Qreq Ebbott isə son 36 saat ərzində ərazidən 850-dən çox insanın təxliyə edildiyini bildirib.