“Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər uğurla davam etdirilir. Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin tədbirlər çərçivəsində xidməti ərazidə kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Güllücə kənd sakini Müşviq Qarayev saxlanılıb.

Onun yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 23 ədəd çətənə bitkisi, çəkisi 6 kiloqram 500 qram olan marixuana və 254 ədəd çətənə bitkisinin toxumları aşkar edilib.

Faktla bağlı Ağdam rayon polis şöbəsində araşdırmalar davam etdirilir.