1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt ediblər.


Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlayıb. Nəticədə şəhərdə yanğınlar baş verib və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova bürünüb. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olub.


Ancaq şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutub. Bu soyqırımı nəticəsində 613 nəfər həlak olub, onlardan 63-ü uşaq, 106-ı qadın, 70 nəfəri isə ahıllardır. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq valideynlərindən birini itirib. 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb. Ümumilikdə isə 487 nəfər yaralanıb.


O dövrdə Xocalıda Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri məskunlaşıblar və onlar da bu faciənin qurbanları olublar.


Xocalıya hücumda zirehli texnikanın-zirehli maşınların, piyadaların döyüş maşınlarının və tankların dəstəyi ilə "Artsaxın Milli Azadlıq Ordusu"nun (AMAO) hissələri və 366-cı alayının hərbçiləri iştirak edib.


Milli Məclis hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan edib. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.


Xocalı soyqırımının tanıdılması


Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də, bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır.


İndiyədək Xocalıda baş verənləri soyqırımı aktı kimi 12 ölkə tanıyıb. Xocalı faciəsini qətliam kimi tanıyan ABŞ ştatlarının sayı isə 14-dür.


O cümlədən Azərbaycanın təmsil olunduğu İslam Əməkdaşlıq Təşkilatı tərəfindən bu soyqırımına 2 dəfə münasibət bildirilib və bəyanatlar qəbul edilib.


"Xocalıya ədalət"


Bundan başqa Heydər Əliyev Fondunun vitse-perzidenti, İslam Konfransı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 8 may 2008-ci ildən başlayaraq "Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyasına start verilib. Bu beynəlxalq hərəkat çərçivəsində Xocalı soyqırımının tanıdılması üçün dünyanın bir çox ölkələrində yürüşlər, mitinqlər keçirilib. Müntəzəm olaraq Xocalı soyqırımı ilə bağlı kitablar yazılır, sənədli filmlər çəkilir.


"Xocalıya ədalət" kampaniyası çərçivəsində dünyanın 70 ölkəsində müxtəlif dinlərə və mədəniyyətlərə malik insanlar Xocalı soyqırımının haqq səsinə səs veriblər. 70-dən çox ölkədə hər il Xocalı soyqırımı ilə bağlı konfranslar, seminarlar və sərgilər keçirilir. justiceforkhojaly.org sayt beş dildə fəaliyyət göstərir. "Xocalıya ədalət" kampaniyasının çağırışları BMT, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Konfransı Təşkilatının tribunalarından səslənir.


Bu kampaniyanın fəaliyyəti nəticəsində 6 ölkənin parlamenti və ABŞ-ın 14 ştatı Xocalı hadisələrini soyqırımı aktı kimi tanıyıb. Ötən il İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 53 ölkənin parlamenti Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edib. Ankara, Haaqa, Mexiko, Sarayevo kimi şəhərlərdə Xocalı soyqırımının qurbanlarına abidə ucaldılıb.


23 il sonra


Əslən Xocalıdan olan millət vəkili Elman Məmmədov bildirib ki, tarix boyu Azərbaycan xalqına düşmən mövqedə dayanan və zaman-zaman əlinə keçən fürsətlərdən yararlanan qüvvələr xalqımıza qarşı qətliamlar, qırğınlar törədiblər. Onun sözlərinə görə, bu məsələdə mənfur ermənilər daha "fəal" olublar: "23 il öncə Xocalı soyqırımının törədilməsi ilə ermənilər həm də bəşəriyyətin tarixinə qara ləkə vurublar. Düşünürəm ki, Xocalıda 1988-1992-ci illərdə baş verən hadisələr heç vaxt unudulmayacaq. Çünki bu faciə hər bir xocalılının, hər bir azərbaycanlının qanına, canına ağrı ilə hopub. Hər dəfə müxtəlif istiqamətlərdə cəbhə bölgəsinə yaxınlaşanda Xocalıdan çıxarkən gəldiyimiz dağlara baxıram və həmin vaxt baş verən müdhiş anları yenidən xatırlayıram. Bu elə bir dəhşətli zərbədir ki, gündən-günə insana daha ağır təsir edir".


Millət vəkili deyib ki, Xocalı bu strateji mövqeyinə görə düşmənin əsas hədəflərindən biri idi: "Məhz bu səbəbdən bu şəhərin işğalı ermənilərin başlıca məqsədləri sırasındaydı. O zamankı hakimiyyət bizə kömək göstərmirdi. Vəziyyətin nə qədər gərgin olması haqda rəhbərliyə dəfələrlə məlumat verməyimizə baxmayaraq, kömək göstərilmirdi. Yalnız vədlər verirdilər. Müxalifətlə iqtidarın hakimiyyət uğrundakı mübarizəsi Qarabağı yaddan çıxarırdı. Xocalı faciəsi də məhz belə bir zamanda baş verdi.


Təbii ki, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.


Xocalı soyqırımında birbaşa iştirakını Sərkisyan açıq şəkildə etiraf edib. Qarabağda günahsız tökülən qanlarda Ermənistanın indiki prezidentinin birbaşa əli var. Bu baxımdan, Serj Sərkisyanın dünyada hərbi cinayətkar kimi tanınması üçün petisiyaya 100 min imzanın verilməsi çox əhəmiyyətlidir. Hətta imza verənlər arasında əcnəbilər, ermənilər də var.


Doğrudur, dünyada ikili standartlar mövcuddur, müəyyən beynəlxalq dairələr işğalçı Ermənistanı himayə edir. Belə bir vəziyyətdə petisiya üçün 100 min imzanın toplanmasına baxmayaraq, Sərkisyanın beynəlxalq müstəvidə hərbi cinayətkar elan edilməsinə maneələr ola bilər. Hesab edirəm ki, günahsız insanların qanına əli batan Sərkisyan kimiləri gec-tez ədalət mühakiməsi qarşısında cavab verəcəklər".


"Elə bir beynəlxalq tədbir yoxdur ki, orada Xocalı faciəsi barədə danışılmasın"


E.Məmmədov son illər Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli iş aparıldığını diqqətə çatdırıb: "Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də "Xocalı soyqırımı günü haqqında" xüsusi qərar qəbul etdi. Azərbaycan dövləti Xocalı faciəsini soyqırımı kimi dəyərləndirərkən 9 dekabr 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən "Soyqırımının qarşısının alınması və ona görə cəza" haqqında Konvensiyanı, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının IV maddəsini, Ruanda üzrə Beynəlxalq Tribunalın Nizamnaməsinin I maddəsini, Beynəlxalq Cinayət Məhkəməsinin statusunu, həmçinin "Xocalı soyqırımı günü haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli qərarını, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il fərmanını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü maddəsini əldə əsas tutur. Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılıq siyasətini ifşa edir. Elə bir beynəlxalq tədbir yoxdur ki, orada Xocalı faciəsi barədə danışılmasın.


Bu işdə Heydər Əliyev Fondunun və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü işlərin nəticəsi göz qabağındadır. Onun təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası xüsusi qeyd edilməlidir. Bu gün dünyanın bir çox ölkəsi və ABŞ-ın bir sıra ştatları Xocalı soyqırımını rəsmən tanıyır. Gün gələcək, dünya bu soyqırımı tanıyacaq və Azərbaycanın haqq səsi bütün cahana yayılacaq. Onun üçün biz avropalı, amerikalı ilə onların öz dilində, qəbul etdikləri formada danışaraq bu faciəni, soyqırımı tanıtmalıyıq".


"Beynəlxalq konfrans keçirəcəyik"


Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov bildirib ki, təşkilatın üzvləri İrəvandan və digər işğal edilmiş Qarabağ torpaqlarından didərgin düşən gənclər olduğu üçün soyqırımı mövzusu bizə daha yaxındır. Onun sözlərinə görə, təşkilatda təmsil olunan, o cümlədən Xocalıdan olan gənclərin soyqırımının tanıdılması ilə bağlı fəaliyyəti təqdirəlayiqdir: "Hər il Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlərimiz keçirilir və bu gün də o tədbirlər davam edir. Bir sıra orta məktəblərdə Xocalı ilə bağlı inşa yazı müsabiqələri keçirmişik. Eyni zamanda, türkiyəli alim İbrahim Öztəkin "Xocalı qətliamı soyqırımıdır" kitabının nəşrini artıq yekunlaşdırmaq üzrəyik. Bu kitabın bütün türk dünyasında yayılması nəzərdə tutulub. Xocalı ilə bağlı "Xocalı soyqırımı: ikili standartlar və 100 ilin erməni yalanları" mövzusunda bu il böyük bir beynəlxalq konfransımız gözlənilir və buna görə də QHT-lərə Dövlət Dəstəyi Şurasına layihə təqdim etmişik. Düşünürük ki, aprel ayında ermənilərin qondarma soyqırımının 100 illiyi ərəfəsində bu konfransı keçirək. Bütövlükdə bu tədbirlərin keçirilməsində əsas məqsəd Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmaq və Xocalı soyqırımını beynəlxalq ictimaiyyət tərəfindən tanıtmaqdır. Biz bununla da ermənilərin riyakar simasını açıq-aydın dünyaya çatdıra bilərik".


BƏXTİYAR