Aydın Mirzəzadə: “Ölkəmizdə orta həyat səviyyəsi digərlərindən yuxarıdır”

“Məmurlar, dövlət qulluğunda olanlar, müəllimlər, həkimlər, təqaüdçü və müavinət alanlarla bağlı mütləq dövlətin qərarları olacaq. Ola bilsin ki, silsilə qərarlar olsun, hər bir təbəqənin yaranan şəraitə uyğun vəziyyətinin düzəldilməsi və ya maaşların, təqaüdlərin, müavinətlərin artırılması mümkündür. Bunun üçün Azərbaycan dövlətinin siyasi iradəsi, imkanları və qətiyyəti var. İndiyə qədər iqtisadi problemlər yarananda Azərbaycan dövləti vətəndaşının qayğılarından kənarda durmayıb”.

Bunu qəzetimizə müsahibəsində YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib. Müsahibəni təqdim edirik.

- Aydın müəllim, milli valyutanın dollar və avro ilə müqayisədə devalvasiyasını necə qiymətləndirirsiniz?
- Devalvasiyanın olacağını cəmiyyət gözləyirdi. Çünki dünyada gedən proseslər Azərbaycan milli valyutasına təsirsiz qala bilməzdi. Uzun müddət manatı qorumaq mümkün oldu. Bu, o zaman mümkün olurdu ki, ABŞ dolları ucuzlaşırdı, dünyada Qərb-Rusiya qarşıdurması və ondan sonra yaranan fəsadlar yox idi. Həmçinin Azərbaycana neft-qaz satışı hesabına külli miqdarda vəsait daxil olurdu. Bu üç faktorun üçü də kökündən dəyişdi. Rusiya və qonşu ölkələrdə valyuta devalvasiya etdi, dollar bahalaşmağa başladı. Azərbaycana bir barel neftə görə, əvvəl 120 dollar gəlirdisə, indi neftin qiymətində enmələr var. Əvvəllər manatın məzənnəsini saxlamasına Mərkəzi Bank ayda 200 milyon dollar xərcləyirdisə, yanvar ayı üçün bu, 700 milyon dollar oldu. Ötən il Mərkəzi Bankın valyuta ehtiyatı 17 milyarddan 12 milyarda düşdü. İndiki templə davam etsə, gələn il bu vaxta qədər Mərkəzi Bankın valyuta ehtiyatı sıfır manata bərabər olacaqdı. İndi devalvasiyanın olması təqribən bir ildən sonra ola biləcək daha ağır fəsadların yumşaq formada qarşısının alınması deməkdir. Bunun iqtisadiyyata, müəyyən qədər qiymətlərə, insanların dolanışığına təsiri olacaq. Ancaq indidən panikaya düşməyə ehtiyac yoxdur. Birincisi, devalvasiya inflyasiya iqtisadiyyatda böhran nəticəsində deyil, sadəcə, məzənnənin mexaniki dəyişməsi səbəbindən baş verib. İkincisi, iqtisadiyyat fəaliyyət göstərir, insanlarımızın əksəriyyəti işlə təmin edilib və insanların orta həyat səviyyəsi dünyada olan orta həyat səviyyəsindən qat-qat yuxarıdır. Hökumət şübhəsiz ki, bununla bağlı tədbirlər görəcək. Ancaq iş ondadır ki, hökumətin hamı haqqında tədbir görməsinə ehtiyac yoxdur.

- Hökumət kimlər haqqında müəyyən tədbirlər həyata keçirməlidir?
- Nəzərə almalıyıq ki, insanların böyük bir qismi özəl sektordadır. Özəl sektor öz qiymətlərini və gəlirlərini qısa müddətdə tənzimləyəcək. Onların ciddi problem yaşayacağını güman etmirəm. İkinci təbəqə büdcədən maaş alanlardır. Məmurları nəzərdə tuturam. Ancaq burada söhbət yüksək vəzifə tutan məmurlardan getmir. Məmur deyəndə hansısa idarənin şöbəsinin kiçik işçisi də başa düşülür. Məmurlar, dövlət qulluğunda olanlar, müəllimlər, həkimlər, təqaüdçü və müavinət alanlarla bağlı mütləq dövlətin qərarları olacaq. Ola bilsin ki, silsilə qərarlar olsun, hər bir təbəqənin yaranan şəraitə uyğun vəziyyətinin düzəldilməsi və ya maaşların, təqaüdlərin, müavinətlərin artırılması mümkündür. Bunun üçün Azərbaycan dövlətinin siyasi iradəsi, imkanları və qətiyyəti var. İndiyə qədər iqtisadi problemlər yarananda Azərbaycan dövləti vətəndaşının qayğılarından kənarda durmayıb. Əlbəttə ki, iqtisadi münasibətləri yenidən qurmaq lazım gələcək. Hazırda insanları düşündürən məsələlərdən biri də, onların banklara olan borcunu necə qaytarması məsələsidir. Birincisi, banklardan insanlarımız krediti əsasən manatla götürüblər və kreditləri manatla da qaytaracaqlar.

- Dollarla kredit götürənlər də var.
- Bəli var, ancaq onlar müəyyən bir qrupdur. Bankdan kredit götürənlərin böyük hissəsi manatla götürüb. Deməli, burada itirən kommersiya bankları olacaq. Çünki o zaman verdikləri kreditin dollara ekvivalentliyi müəyyən qədər idi, ancaq indi 30 faiz aşağıdır. İndi kimsə deyə bilər ki, bankın bu qədər maliyyə itkisi yaşamasının heç bir ziyanı yoxdur...

- Ancaq belə demək səhv olardı. Bankların zəifləməsi maliyyə-kredit siyasətinə ciddi zərbə olardı...
- Şübhəsiz ki, belə iddia yanlış olardı. Kommersiya banklarının imkanları iqtisadiyyatın qan dövranıdır. Onların itkisi iqtisadiyyat üçün itkidir. Ancaq hər halda əgər onlar iqtisadiyyatın yaxşı dövründə imkanlarını yaxşılaşdırıblarsa, hesab edirəm ki, bu situasiyadan da ümumən çıxa biləcəklər. O ki, qaldı krediti dollarla götürüb qaytarmaq məsələsinə, mənə elə gəlir ki, bununla bağlı sonradan məsləhətləşmələr və ya müvafiq orqanların prosesə müdaxiləsi ilə məsələ həll olunacaq. Bu keçid mütləq keçilməli idi. İstər-istəməz keçiddən sonra müəyyən narahatlıqlar yaranır. Amma bunların hər biri ilə bağlı dövlət və hökumət qərarlar qəbul edəcək. Şübhəsiz ki, bu məsələ həm də Milli Məclisin gündəmində olacaq.

- Əhalini devalvasiyadan daha çox qiymət artımı maraqlandırır. Bəziləri qiymət artımının süni, bəziləri təbii olduğunu bildirir. Siz bu haqda nə deyə bilərsiniz?
- Mən hamı kimi gündəlik ticarət mərkəzlərinə gedərək ailəm üçün zəruri olan ərzağı alıram. Baş çəkdiyim mağazalarda dünənə qədər qiymət artımı müşahidə etməmişəm. Ancaq söhbət gedir ki, müəyyən qiymətlər qalxacaq. Bunu da başa düşmək olar. Onlar aldığı malları böyük firmalar xaricdən gətirir və həm də xarici valyuta ilə alırlar. Fikrimcə, bazar özü bu məsələləri tənzimləyəcək. Ticarət mərkəzlərində qiymət qalxacaqsa, artıq ondan istifadə edən özəl sektor da xidmətlərini qaldıracaq. Bu zəncirvari gedəcək. Əhalinin böyük bir hissəsinin də özəl sektorda işlədiyini nəzərə alsaq, bu sektor özü öz münasibətlərini tənzimləyəcək. İş ondadır ki, qalan iki təbəqə - büdcə təşkilatında çalışanlar, pensiya və müavinət alanlarla bağlı dövlət müəyyən tədbirlər həyata keçirəcək.

- Bu durumdan istifadə edən möhtəkirlərin dərhal qiyməti qaldırmasını necə qiymətləndirmək olar?
- Açığını deyim ki, süni artım məsələsi şəxsən mənə aydın deyil. Biz nəzərə almalıyıq ki, heç bir sahibkar müştərisini itirməkdə maraqlı deyil. Bazar hansı qiyməti tələb edirsə, bu qiymət də qoyulur. Yəni burada süni deyil, təbii artım var. Başqa sözlə, o malını hansı qiymətə alıbsa, onun üzərinə öz qiymətini qoyaraq satır. Əlbəttə, bu durumdan sui-istifadə edənlər olur. Məsələn, Mərkəzi Bank məzənnə tarixini fevralın 21-də açıqlayıb. Həmin vaxt mağazalarda olan mallar köhnə tariflə alınıb. Demək köhnə qiymətlərlə də satılmalıdır. Açığını deyim ki, mən ticarətdən uzaq insanam və onların nə səbəbdən belə etdiklərini də bilmirəm. Amma qiymətlərin bir qədər qalxacağı məlum idi. Bu qiymətlər üç gün sonra da artsa, insanlar bu fərqi hiss edəcəkdi, on gün sonra qalxsa da. Bunun nə vaxtsa qalxması aydın idi. Azərbaycanın bank-maliyyə sistemi ciddi bir imtahandan keçir. Xanlıqlar dövründə, Demokratik Cümhuriyyət zamanı beynəlxalq maliyyə-bank sistemi yox idi. Sovet dövründə də biz bundan kənarda idik. 1991-ci ildən bu yana atılan addımlar, görülən işlər Azərbaycanın müstəqil bank-maliyyə sistemini yaradıb. Biz dünya ilə təmasdayıq və bu imtahanı veririk. Biz bilməliyik ki, dünyanı idarə edən üç valyuta var. Söhbət Amerika dollarından, avrodan və Çin yuanından gedir. Bu üç nəhəng pul vahidi dünyanı idarə edir. Digər milli valyutalar özlərini buna uyğunlaşdırmalıdır. Biz bildiririk ki, 54 milyard dollar ehtiyatımız var. 54 milyard dollar dünya miqyasında böyük maliyyə deyil. Nəzərə alın ki, Amerikanın hərbi büdcəsi 600 milyard dollardır. Bill Qeytsin sərvəti bir çox ölkələrin valyuta ehtiyatından çoxdur. Biz 54 milyard olan valyuta ehtiyatımızı iki il müddətinə manat-dollar nisbətinin saxlanmasına xərcləyə bilərdik. Amma hesab edirəm ki, bu iki ildən sonra yenidən eyni vəziyyətə düşməyimizə, əldə olanımızın itirməyimizə və daha ağır fəsadlar yaşamağımıza səbəb olardı. Həmçinin biz ildə 4 milyard dollar müharibəyə xərcləyirik və bu qaçılmazdır. Bu baxımdan bu keçid labüd idi. İnsanlar narahatdır, öz gəlirlərini hesablayır, kimsə harasa verəcəyi borcunu, başqası sabaha olacaq planını yenidən fikirləşməli olur, kiməsə cibində olan məbləğ daha maraqlı gəlir. Amma ümumən cəmiyyətimiz qəbul etdi ki, biz dünyanın bir hissəsiyik. Ya bu gün SSRİ kimi dünyadan təcrid olunaraq sabit manatımızla yaşamalıyıq, ya da dünya ilə təmasda olaraq ara-sıra bu cür ağır mərhələdən keçməliyik.

- Dünya bazarında neftin qiyməti sabit deyil. Mütəmadi olaraq qiymət artımı və azalması müşahidə edilir. Sizcə, neftin qiymətində artım baş verəcəkmi?
- Mənə elə gəlir ki, neft iki il müddətinə indiki səviyyədə qalacaq. Çünki bundan aşağı qiymətə nefti satmaq istehsalçıya sərf etmir. Neftin çıxarılması, nəql edilməsi və saxlanılmasına çəkilən xərclər artıq bundan aşağı qiymətə uyğun gəlmir. Ona görə də, neftin qiyməti nə vaxtsa qalxacaq. Bir zamanlar bir barel neftin qiymətinin 50 ABŞ dolları olması bizlərə nəhəng qiymət kimi görünürdü. Ancaq biz 1 barel neftin 120 dollara satılmasını da gördük. Şübhəsiz ki, zaman gələcək və neftin bir bareli 200-300 dollara satılacaq. Ancaq həmin dövr üçün istehsal genişlənməli, tələbat artmalıdır.

Nemət