ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri başa çatıb. Regiona səfəri Azərbaycanla başlayan həmsədrlər ciddi danışıqların olacağı proqnozunu vermişdilər. Bakıya çatar-çatmaz amerikalı həmsədr Ceyms Uorlik özünün Twitter səhifəsində yazdı ki, Azərbaycan Prezidenti və rəsmiləri ilə görüşdə Dağlıq Qarabağ münaqişəsi istiqamətində ciddi danışıqların olacağını gözləyir.

Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andryu (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul etdi, amma danışıqların detalları açıqlanmadı.

Mediaya açıqlama verən Uorlik isə bildirdi ki, müzakirələrdə təmas xəttində gərginlik, itkilər və digər məsələlərə toxunulub: "Bu məsələdən cənab İlham Əliyev də narahatlıq keçirdiyini qeyd etdi. Düşünürəm ki, hal-hazırda hər bir kəsin önündə bir çağırış var. Baş verən zorakılıqları, insan itkilərini, dağıntıları bir kənara qoyub, gələcək irəliləyiş üçün addımlar atmalıyıq ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. Münaqişənin sülh yolu ilə həll olunması hər iki dövlətə, eləcə də, bütün regiona öz bəhrəsini verəcək".

Uorlikin açıqlamasında diqqətçəkən məqam Dağlıq Qarabağ münaqişəsini Ukrayna hadisələri, eləcə də, Cənubi Osetiya və Abxaziya, Dnestryanı münaqişələrdən ayırmasıdır: "Dağlıq Qarabağ münaqişəsi ilə Ukrayna böhranına, yaxud da Gürcüstanda, Moldovada yaranan münaqişə vəziyyətinə paralel xətlər çəkmək lazım deyil. Bunlar tamamilə fərqli münaqişələrdir və bunların həllinə müxtəlif yanaşmalar mövcuddur", - deyə o bildirib.

"Bu münaqişələrin hər birinin taleyində bənzərlik var"

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Siyavuş Novruzov isə qəzetimizə söylədi ki, Dağlıq Qarabağ münaqişəsi ilə amerikalı həmsədrin ayırdığı münaqişələr arasında ciddi fərq yoxdur. Onun sözlərinə görə, bütün münaqişələrdə işğal faktı var və bu, danılmazdır: "Ola bilsin yanaşmalar fərqlidir. Lakin ümumi mənada bu münaqişələrin hər birinin taleyində bənzərlik var. Dağlıq Qarabağ münaqişəsinin özəlliyi isə BMT tərəfindən qətnamələrin qəbul edilməsidir. Yəni digər münaqişələrdə belə qətnamələr olmasa da, Qarabağla bağlı beynəlxalq hüquq dili ortadadır".

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə həmsədrlərlə görüşündə atəşkəsin pozulması hallarına toxunub və beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərinə uyğun olaraq, həmsədrlər tərəfindən Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının tələb olunmasının vacibliyini vurğulayıb.

Azərbaycandan sonra İrəvana səfər edən həmsədrlər Ermənistan prezidenti və xarici işlər naziri ilə görüşüblər. Ermənistanın XİN rəhbəri Eduard Nalbandyan həmsədrlərlə görüşdə rəsmi Bakının sülh sazişi üzərində işə başlamaq təklifinə toxunaraq iddia edib ki, burada məqsəd əsas tənzimlənmə prinsipləri ətrafında aparılan danışıqları pozmaqdır: "Əsas prinsiplərə uyğun razılıq əldə olunduğu və Dağlıq Qarabağın bizimlə razılaşdığı halda, sülh sazişi üzərində işə başlamaq olar".

"Gərginliyə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür"

E.Nalbandyana Azərbaycan tərəfindən cavab özünü gözlətməyib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bəyan edib ki, Ermənistan xarici işlər naziri təəssüf doğuran ziddiyyətli şərhləri ilə regionda kimin sülh və təhlükəsizliyin bərqərar olmasına real əngəl yaratdığını bir daha göstərib.

H.Hacıyev qeyd edib ki, davam edən gərginliyə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür: "Qeyd olunan "Dağlıq Qarabağ" heç vaxt əsas prinsiplərin hazırlanması üzrə danışıqların hər hansı mərhələsində iştirak etməyib. Göründüyü kimi, Ermənistan tərəfi növbəti dəfə bütün mümkün metodlarla əsaslı danışıqların başlanmasına əngəl yaratmağa çalışır", - deyə o vurğulayıb.

"Məqsədimiz prezidentləri bir masa arxasına gətirməyin yollarını axtarmaqdır"

Regiona səfərin yekununda amerikalı həmsədr C.Uorlik geniş açıqlama ilə çıxış edib. Ermənistan mətbuatına danışan həmsədr deyib: "Hazırda əsas məqsədlərimizdən biri prezidentləri yenidən bir masa arxasına gətirməyin yollarını axtarmaqdır".

"Biz istəyirik ki, real danışıqlar aparılsın"

Onun sözlərinə görə, bunu həm Ermənistan, həm də Azərbaycan prezidentləri istəyirlər: "Mən Azərbaycan prezidenti İlham Əliyevlə söhbət edərkən, o bildirdi ki, Serj Sərkisyanla görüş imkanlarını alqışlayacaq. Lakin prezidentlərin görüşü nə qədər yaxşı keçsə də, bu, kifayət deyil. Yəqin, siz də gözləmirsiniz ki, 20 ildən artıqdır davam edən münaqişə iki ölkə prezidentinin mütəmadi görüşləri sayəsində həll olunsun, hətta bu görüşlər ideal keçsə belə. Biz istəyirik ki, real danışıqlar aparılsın, proses intensivləşsin. Qərar tək prezidentlərdən asılı deyil. Gəlin tərəfləri müzakirə üçün bir araya gətirək. Biz asan məsələlərdən başlaya bilərik. Ola bilər ki, ilk olaraq yüksək səviyyədə həlli tələb olunan status, dəhliz və ya digər çətin mövzulardan başlamayaq. Lakin digər məsələləri müzakirə edə bilərik. Bunlar telekommunikasiya, infrastruktur və s. ola bilər. Çünki kommunikasiyalar münaqişələrin həllində daha etibarlı variant kimi özünü göstərir".

"Hər iki tərəf 3 prinsip və 6 elementin tətbiqini əsas hesab edir"

Diplomat bildirib ki, yaxın gələcəkdə yüksək səviyyədə görüş keçirilə bilər: "Azərbaycan prezidenti buna hazırdır. Ancaq bizə görüş naminə görüş lazım deyil. Biz buna hazırlaşmalıyıq. Vasitəçilərin rolu ondan ibarətdir ki, prezidentlərin müzakirə edə biləcəyi məsələlər paketini hazırlasınlar. Tərəflər bir-birinə çox yaxındır. Hər iki tərəf münaqişənin həlli üçün 3 prinsip və 6 elementin tətbiqini əsas hesab edir. Təbii ki, bəzi detallar var ki, biz onların üzərində işimizi davam etdiririk. Ancaq reallıqda heç bir fikir ayrılığı yoxdur".

"Ümid edirik ki, erməni idmançılar Avropa Olimpiya Oyunlarında iştirak edəcəklər"

C.Uorlikin sözlərinə görə, davamlı sülhə nail olmaq üçün hər iki ölkənin vətəndaşları arasında etimad mühitinin yaradılmasına nail olmaq lazımdır: "Biz Azərbaycan və Ermənistan xalqları arasında əlaqələri dəstəkləyirik. Ümid edirik ki, erməni idmançılar Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarında iştirak edəcəklər. Bu cür ünsiyyət faydalıdır".

O əlavə edib ki, həmsədrlərin regiona səfəri təmas xəttində baş verən gərginliyin azalmasına töhfə verə bilər.

"Girovların qaytarılması danışıqlar üçün daha əlverişli atmosfer yaradar"

Xankəndidə səfərdə olan zaman isə amerikalı həmsədr deyib ki, gərginliyin artdığı bir vaxtda girovların qaytarılması kimi humanitar təşəbbüs danışıqlar üçün daha əlverişli atmosferin yaranmasına səbəb ola bilər.

O xatırladıb ki, əvvəllər tərəflər girovların qaytarılması üçün yollar tapa bilirdilər. Diplomat həmçinin söyləyib ki, Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində bütün tərəflərin maraqları nəzərə alınmalıdır: "Tərəflər üçün ilk addım bu cür danışıqlara hazır olduqlarını bildirmələridir".

"Minsk qrupu tərəflərin qəbul etdiyi yeganə vasitəçilik formatıdır"

Həmsədrlər arasında fikir ayrılıqlarının olması və ATƏT-in Minsk qrupu formatının dəyişdirilməsi ilə bağlı fikirlərə gəldikdə isə C.Uorlik vasitəçilərin Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinə nail olmaq şərtləri ilə bağlı həmfikir olduqlarını bildirib: "Minsk qrupu tərəflərin qəbul etdiyi yeganə vasitəçilik formatıdır. Biz tərəflərin işimizi faydalı hesab etdikləri müddətdə sülhün bərqərar olunması istiqamətində fəaliyyətimiz davam etdirəcəyik".

"Öz gücümüzlə torpaqlarımızı geri qaytarmaq iqtidarındayıq"

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov qeyd edib ki, 20 ildən çox vaxt ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir irəliləyişə nail olunmayıb.

Onun fikrincə, Ermənistanın atdığı bütün addımlar danışıqların pozulmasına hesablanıb: "Onların qondarma "erməni soyqırımı" ilə diqqəti üzərilərinə çəkəcəklərinə dair ümidləri vardı. Amma heç kəs onların ümidini doğrultmadı. Azərbaycan Prezidenti cənab İlham Əliyev Münhen konfransında erməni nümayəndə heyətinin cavabını layiqli şəkildə verdi. Cənab Prezident söylədi ki, erməni əsgərin Ağdamda, Füzulidə nə işi vardı, orada nə axtarırdı? Əgər o, ölmək istəmirsə, Ağdama getməsin. Azərbaycan dövlətinin mövqeyi bundan ibarətdir ki, ölkəmiz ərazimizdə ikincici Ermənistan dövlətinin yaranmasına imkan verməyəcək. Erməni qoşunları Azərbaycan torpaqlarından çəkilməzsə, biz öz gücümüzlə torpaqlarımızı geri qaytarmaq iqtidarındayıq".

NƏRGİZ