"Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə dünyanın 13 ən iri neft şirkəti arasında sazişin - "Əsrin müqaviləsi"nin imzalanmasının 20-ci ildönümü günündə - 2014-cü ilin sentyabrın 20-də "Cənub Qaz Dəhlizi" layihəsinin təməlqoyma mərasimi keçirildi.
Mərasimdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, Yunanıstanın baş naziri Antonis Samaras, Bolqarıstan prezidenti Rosen Plevneliev, Albaniyanın energetika naziri Damian Giknuri, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio de Vinsenti, Monteneqronun baş naziri Milo Cukanoviç, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ticarət və investisiyalar naziri Lord Livinqston, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn, bp şirkətinin baş icraçı direktoru Robert Dadli, Azərbaycanın energetika naziri Natiq Əliyev və ARDNŞ-in prezidenti Rövnəq Abdullayev Səngəçal terminalında "Cənub Qaz Dəhlizi"nin təməlinə qoyulacaq ilk borunu imzalamaqla, "Cənub Daz Dəhlizi"nin təməlini qoydular.
"Cənub Qaz Dəhlizi" nədir?
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" layihəsi özündə Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin çəkilməsini nəzərdə tutur. Əvvəlcə, "Şahdəniz" qaz yatağının ikinci fazasından, daha sonra isə Abşeronda və Azərbaycanın digər qaz yataqlarında hasil olunacaq qazı ötürəcək TANAP kəməri Bakı-Tbilisi-Ərzurum kəmərinə paralel çəkiləcək. Oradan isə qazı Avropaya TAP kəməri ötürəcək. Eyni zamanda, "Cənub Qaz Dəhlizi"nə gələcəkdə Türkmənistan və İraqın qoşulacağı güman olunur. Birinci mərhələdə Azərbaycan Avropa bazarına ildə 10 milyard, sonrakı mərhələdə isə 20, daha sonra isə 30 milyard kubmetr mavi qaz nəql etmək niyyətindədir. Amma digər ölkələrin, xüsusilə Türkmənistan və İraqın qoşulması ilə "Cənub Qaz Dəhlizi" Avropa bazarına ildə 60 milyard kubmetr mavi qazın nəql edilməsinə imkan yaradacaq. Beləliklə, "Cənub Qaz Dəhlizi" Xəzər hövzəsi ölkələri qazının, gələcəkdə isə İraqın mavi qazının Avropa İttifaqı bazarına ixrac edilməsini nəzərdə tutan və dəyəri 45 milyard dollardan artıq olan bir layihədir. Bu anlaşma Azərbaycanın dövlət gəlirlərinin uzun müddətli dövrdə və strateji olaraq təmin edilməsi baxımdan olduqca əhəmiyyətlidir. Belə ki, ilkin qiymətləndirmələrə əsasən, Azərbaycanın "Şahdəniz" yatağının birinci və ikinci fazasının işlənməsindən əldə etdiyi gəlirin həcmi 200 milyard dollara yaxın olacaq.
Fevralın 12-də, Bakıda bu layihənin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin energetika nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclası keçirilib. Beləliklə, artıq əsas işlərin görülməsinə başlanılıb.
"Bu iclas Azərbaycan Prezidentinin siyasi iradəsi ilə keçirildi"
"Cənub Qaz Dəhlizi" layihəsinə və fevralın 12-də Bakıda keçirilən iclasa münasibət bildirən İqtisadi və Sosial Araşdırma Mərkəzinin rəhbəri, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin energetika nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasının keçirilməsi kifayət qədər əhəmiyyətli və mühüm bir ərəfəyə təsadüf edir. Onun sözlərinə görə, Azərbaycan "Cənub Qaz Dəhlizi"nin reallaşmasında maraqlıdır, eyni zamanda buna rəğmən, sözügedən dəhlizin reallaşmasında müəyyən çətinliklər var: "Bunlar Rusiyanın "Türk axını" layihəsi ilə çıxış etməsi, eyni zamanda, Yunanıstanda keçirilən son seçkilərdən sonra bu ölkənin yeni hökumətinin birmənalı şəkildə tranzit tariflərinə yenidən baxılması ilə bağlı məsələ qaldırması, eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkətinin Yunanıstanın enerji şirkəti - "DESFA"nın səhmlərinin alınması ilə bağlı tenderin Avropa Komissiyası tərəfindən hələ də təsdiq edilməməsi kimi izah edilməsi heç də asan olmayan çətinliklərdir. Praktik olaraq Məşvərət Şurasının toplantısı kifayət qədər əhəmiyyətli olmaqla yanaşı, eyni zamanda, çətin bir dövrə təsadüf edir. Avropa İttifaqı bir tərəfdən enerji təhlükəsizliyinin təmin olunmasında maraqlıdır, digər tərəfdən, Avropa İttifaqı və xüsusən ittifaqa üzv bəzi ölkələr "Cənub Qaz Dəhlizi"nin reallaşması ilə bağlı real addımlar atmırlar. "Cənub Qaz Dəhlizi"nin reallaşması ilə bağlı kifayət qədər açıq qalan məqamlar olsa da, məhz Azərbaycan prezidentinin təşəbbüsü, eyni zamanda, onun siyasi iradəsi ilə Məşvərət Şurasının ilk iclasının keçirilməsi praktiki olaraq bir daha Azərbaycan hökumətinin "Cənub Qaz Dəhlizi"nin reallaşması ilə bağlı ciddi mesajı kimi qiymətləndirilməlidir. Azərbaycan, əslində, bununla bir daha təsdiq etdi ki, Cənub Qaz Dəhlizinin reallaşmasında maraqlıdır. Təbii ki, bu ideyanı Azərbaycan birmənalı şəkildə dəstəkləyəcək. Bu baxımdan, Azərbaycan öz mövqeyini aydın şəkildə ifadə edib".
"Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə imkan yaranacaq"
V.Bayramov qeyd edib ki, Azərbaycan "Cənub Qaz Dəhlizi"ndə TANAP və TAP layihələri vasitəsilə iştirak edir. Onun sözlərinə görə, bu layihələr vasitəsilə Azərbaycan Türkiyənin, eləcə də, Avropa İttifaqının enerji təhlükəsizliyinə ciddi töhfə vermək imkanlarına malik olacaq: "Azərbaycan TANAP kəməri vasitəsilə Türkiyə bazarına birinci mərhələdə 6,6 milyard kubmetr, Avropa bazarına isə 10 milyard kubmetr qaz çıxaracaq. Növbəti mərhələdə isə Avropa bazarına çıxarılan mavi qazın həcmi illik olaraq 20 milyard kubmetrə və hətta sonradan 30 milyard kubmetrə qədər yüksələcək. Bu, birmənalı şəklidə ondan xəbər verir ki, Azərbaycan yaxın illərdə Avropanın mavi qaza olan ehtiyacının ödənilməsində əhəmiyyətli ölkəyə çevriləcək. Ölkə prezidenti də Məşvərət Şurasının iclasında qeyd etdi ki, Azərbaycan mavi qazı Avropa İttifaqı üçün, yeganə alternativsiz mənbə olacaq. Azərbaycan Avropa İttifaqı üçün yeganə alternativ qaz mənbəyi olduğu üçün təbii ki, "Cənub Qaz Dəhlizi"nin reallaşması Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə və enerji asılılığının aradan qaldırılmasına imkan yaradacaq. Bu mənada, "Cənub Qaz Dəhlizi" enerji təhlükəsizliyinin təmin olunması və enerji asılılığının aradan qaldırılması baxımından kifayət qədər əhəmiyyətli bir layihədir".
"Cənub Qaz Dəhlizi, layihəsinə sosial bir layihə kimi baxılmasına ehtiyac var"
Müsahibimiz bu layihənin digər bir özəlliyindən də söhbət açıb: "Cənub Qaz Dəhlizi" 45 milyard dollardan artıq investisiyanın qoyulmasını nəzərdə tutur. Nəzərə alsaq ki, həmin investisiyanın 28 milyard dollara yaxını Azərbaycan və Gürcüstan iqtisadiyyatının payına düşəcək. Bu, təbii ki, ölkəmiz üçün həm sərmayə qoyuluşu və yeni iş yerlərinin yaradılması baxımından əhəmiyyətlidir, həm də "Cənub Qaz Dəhlizi" və "Şahdəniz" yatağının ikinci fazasının işlənilməsi barədə imzalanmış anlaşma eyni zamanda imkan verəcək ki, hətta Balkan ölkələri belə bu sərmayələrdən faydalana bilsinlər. Nəzərə alsaq ki, Balkan ölkələrində də yeni iş yerlərinin yaradılması və sərmayələrin qoyuluşu həyata keçirilsə, bu layihə Balkan ölkələri də daxil olmaqla bütövlükdə region ölkələrində yeni sərmayələrin qoyulmasına və yeni iş yerlərinin yaradılmasına imkan verəcək. Ona görə də "Cənub Qaz Dəhlizi"nə sadəcə bir qaz dəhlizi, sadəcə enerji resurslarının Avropa və region bazarlarına çıxarılması kimi deyil, sosial layihə kimi baxılmasına ehtiyac var. Bu, sərmayə qoyuluşlarının artırılmasına, yeni iş yerlərinin yaradılmasına və məşğulluğun təmin edilməsinə ciddi təkan verəcək. Bütün bunlar birmənalı şəkildə və birbaşa Azərbaycanın bu məsələdə nümayiş etdirdiyi siyasi iradə hesabına formalaşır. Bu siyasi iradə imkan verəcək ki, Azərbaycan öz mavi qazını Avropa bazarına çıxarsın və təbii ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə ciddi töhfə versin".
"Azərbaycan bu prosesdə lider ölkədir"
Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadənin fikrincə, "Cənub Qaz Dəhlizi" Avropanın enerji təhlükəsizliyi üçün çox böyük önəm daşıyan layihədir. Onun sözlərinə görə, aparıcı ölkə kimi bir sıra istiqamətlər üzrə bu layihənin yaradılmasında Azərbaycanın çox böyük rolu var: "Azərbaycan bu layihənin, sadəcə, mavi qazla təminatını həyata keçirmir, Azərbaycan bu layihənin böyük bir hissəsinə investisiya yatıraraq yeni bir sistemi formalaşdırır. Ona görə də mənə elə gəlir ki, fevralın 12-də Bakıda keçirilən Məşvərət Şurasının ilk iclasının böyük əhəmiyyəti var. Bu toplantının əsas əhəmiyyəti də Azərbaycanın və Xəzər dənizi hövzəsi enerji yataqlarının dünya iqtisadi və enerji sisteminə inteqrasiya sistemi ilə bağlıdır. Bu prosesdə də Azərbaycan lider ölkədir".
"Bu layihə "Əsrin müqaviləsi" qədər əhəmiyyətlidir"
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə bildirib ki, Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində energetika nazirlərinin görüşünün keçirilməsi ciddi hadisədir və bu iclas layihənin icrasını sürətləndirəcək: "Cənab prezident İlham Əliyev hələ Davos Dünya İqtisadi Forumunda iştirak edərkən "Cənub Qaz Dəhlizi" layihəsinin icrasının sürətləndirilməsi məsələsini qaldırdı. "Cənub Qaz Dəhlizi" layihəsi üzrə razılıq əldə olunandan sonra Türkiyə ilə Rusiya arasında "Türk axını" kəmərinin çəkilişi üzrə anlaşma əldə olundu. Bu, müəyyən qədər "Cənub Qaz Dəhlizi" layihəsinin inkişafına mane ola bilər. Prezident İlham Əliyev fevralın 12-də etdiyi çıxışında bildirdi ki, bu məsələdə yubanmaq olmaz, gərək bu layihənin icrasını vaxtında başa çatdıraq. 2018-ci ildə Azərbaycan qazı artıq Avropaya çatdırılmalıdır. Əvvəlcə Transanadolu Boru Kəməri (TANAP), 2020-ci ildə isə Transadriatik Boru Kəməri (TAP) çəkilib başa çatdırılmalıdır. Məni narahat edən Yunanıstanın mövqeyi oldu. Bir sıra şərtlər irəli sürürlər. Ancaq düşünürəm ki, bu məsələ də müsbət həllini tapacaq. Çünki dövlət başçısı ixrac siyasətini gözəl başa düşür".
Milli Məclisin deputatı hesab edir ki, "Cənub Qaz Dəhlizi" layihəsinin icrasının Azərbaycan üçün çox böyük əhəmiyyəti var: "Həm iqtisadi gəlirlərin artırılması, həm də siyasi müstəqilliyin möhkəmlənməsi üçün bu layihə vacibdir. 1994-cü ilin sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalanmışdı, 20 il sonra sentyabrın 20-də "Cənub Qaz Dəhlizi" layihəsi müqaviləsi imzalandı. Bu, simvolik xarakter daşıyırdı. Bu layihə siyasi və iqtisadi cəhətdən "Əsrin müqaviləsi" qədər əhəmiyyət kəsb edir".
V.Əhmədova görə, Azərbaycan bütün hallarda öz qazını ixrac edəcək: "Burada 15-20 milyard kubmetrlik qazın ixracından söhbət gedir. Gələcəkdə Türkmənistan və İran qazı üzrə razılaşma əldə olunarsa, Azərbaycan həm də tranzit ölkə kimi əhəmiyyətli dövlətə çevriləcək. Bu layihəyə Avropa İttifaqı, ABŞ da dəstək verir. Avropanın alternativ enerji mənbəyi yalnız Azərbaycandır. Əgər Avropa enerji asılılığını azaltmaq, iqtisadi müstəqilliyini gücləndirmək istəyirsə, "Cənub Qaz Dəhlizi" layihəsinə dəstəyini daha da artırmalıdır".
Səxavət HƏMİD