
Prezident: "Mənbələrin də şaxələndirilməsi vacibdir"
Dünən Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin energetika nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclası keçirilib.
İclasda "Cənub Qaz Dəhlizi" layihəsinin icrası, idarə olunması, mövcud vəziyyəti ilə bağlı konkret tövsiyələr verilib. Məşvərət Şurasının iclasında "Cənub Qaz Dəhlizi" layihəsinin iştirakçısı olan ölkələrin - Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya və Bolqarıstanın energetika nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti, Beynəlxalq Maliyyə Korporasiyasının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "BP-Azərbaycan" şirkəti, Transanadolu Boru Kəməri (TANAP), Transadriatik Boru Kəməri (TAP) şirkətlərinin və digər beynəlxalq qurumların rəsmi nümayəndələri iştirak ediblər. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Dövlət başçısı "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının ilk iclasında nitq söyləyib.
Prezident İlham Əliyev Bakıda bu görüşün keçirilməsi təşəbbüsünə verdikləri dəstəyə görə iştirakçı ölkələrin rəhbərlərinə təşəkkürünü bildirib. Dövlət başçısı bu görüşün olduqca münasib vaxtda - "Cənub Qaz Dəhlizi" layihəsinin praktiki olaraq həyata keçirilməsi ilində baş tutmasının mühüm əhəmiyyətini vurğulayıb. Prezident görüş zamanı aparılan müzakirələrin, fikir mübadiləsinin layihənin uğurla həyata keçirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Dövlət başçısı Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ilə bağlı müstəqilliyin ilk illərindən başlayaraq ötən müddətdə reallaşdırılan tədbirləri və layihələri ətraflı xarakterizə edib. O, 2011-ci ildə Avropa Komissiyasının o vaxtkı sədri Joze Manuel Barrozu ilə "Cənub Qaz Dəhlizi" haqqında birgə bəyannamə imzaladıqlarını, həmin sənəddə Azərbaycanın Cənub qaz dəhlizinə əsas töhfə verən və həyata keçirən ölkə olduğunun əksini tapdığını deyib. Azərbaycan Prezidenti TANAP və TAP layihələrinin "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsi istiqamətində mühüm mərhələ olduğunu vurğulayıb. "Əsrin müqaviləsi"nin imzalanmasından düz 20 il sonra - 2014-cü il sentyabrın 20-də "Cənub Qaz Dəhlizi"nin təməlinin qoyulduğunu bildirib.
"Azərbaycan şaxələndirmədə öz rolunu oynayır"
Prezident İlham Əliyev ötən illərdə neft-qaz layihələri ilə əlaqədar qazanılan uğurlarda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə BP arasında sıx əməkdaşlığın mühüm rol oynadığını qeyd edib. Dövlət başçısı vurğulayıb ki, BP-nin əməliyyatçısı olduğu "Şahdəniz" yatağı "Cənub Qaz Dəhlizi" üçün əsas resurs mənbəyidir. Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatının 2,5 trilyon kubmetrdən çox olduğunu deyən Prezident "Cənub Qaz Dəhlizi"nin reallaşdırılması ilə bağlı hasilatçı, tranzit və istehlakçı ölkələr arasında səyləri əlaqələndirməyin vacibliyini vurğulayıb: "Enerji resurslarının şaxələndirilməsi hazırda beynəlxalq təşkilatların əsas arenasında müzakirə olunan məsələdir. Azərbaycan şaxələndirmədə öz rolunu oynayır. Şaxələndirmə haqqında danışanda biz yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsini nəzərdə tuturuq. Marşrutların da şaxələndirilməsi vacibdir, lakin mənbə eyni olanda vəziyyət çox dəyişmir. Mənbələrin şaxələndirilməsi vacibdir. Bu halda, Xəzər dənizindən çıxan qaz - Azərbaycan qazı növbəti illər ərzində Avropa istehlakçıları üçün yeganə qaz mənbəyi olacaq. Əlbəttə ki, bu, tamamilə başqa vəziyyət yaradır".
Prezident İlham Əliyev layihənin həyata keçirilməsi üçün nəzərdə tutulan bütün məsələlərin müsbət həllini tapacağına və layihənin vaxtında icra olunacağına əminliyini bildirib, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasına işində uğurlar arzulayıb.
"Cənub Qaz Dəhlizi"nin reallaşmasında Prezident İlham Əliyevin xidmətlərini xüsusi vurğulayan Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şevçoviç Avropa İttifaqında enerji birliyinin qurulması ilə məşğul olduğunu və gündəlikdə duran layihə ilə bağlı müzakirələrin siyasi baxımdan daha yüksək səviyyəyə qaldırıldığını deyib. O, Avropanın enerji təhlükəsizliyi üçün mənbələrin və resursların şaxələndirilməsində maraqlı olduğunu bildirib. Aparılan hesablamalara görə, Avropa İttifaqının idxal etdiyi qazın həcminin gələcəkdə 84 faiz, neft idxalının isə 94 faiz təşkil edəcəyini açıqlayan Maroş Şevçoviç bundan sonra da Avropa İttifaqının üzvü olan bütün ölkələrin enerji təhlükəsizliyi, Avropa enerji sisteminə real inteqrasiya istiqamətində ardıcıl addımların atılacağını bildirib. O bu baxımdan "Cənub Qaz Dəhlizi" layihəsinin uğurla və sürətlə həyata keçiriləcəyinə ümidvar olduğunu vurğulayıb.
Sonra Məşvərət Şurası gündəlikdə duran məsələlərlə bağlı müzakirələri davam etdirib. Tədbirin yekununda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən mətbuat üçün birgə bəyanat imzalanıb.
Dövlət Departamentinin nümayəndə heyəti ilə müzakirələr
Prezident İlham Əliyev dünən, həmçinin ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoxstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, enerji, nəqliyyat və digər layihələrin həyata keçirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb və bu istiqamətdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident Yunanıstan nazirini qəbul etdi
Prezident İlham Əliyev dünən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə iştirak etmək üçün Bakıya gələn Yunanıstanın məhsuldar istehsal, ətraf mühit və enerji naziri Panayiotis Lafazanisi qəbul edib.
Görüşdə Azərbaycanla Yunanıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın yaxşı səviyyədə olduğu bildirilib. İki ölkə arasında mövcud olan tarixi əlaqələrin ikitərəfli münasibətlərimizin genişləndirilməsi üçün yaxşı imkan yaratdığı qeyd olunub. Söhbət zamanı həyata keçirilən qlobal enerji layihələrinin ölkələrin bir-birinə daha da yaxınlaşması və inkişafı baxımından önəmi vurğulanıb.
Avropa Azərbaycandan qaz həcmini ikiqat artırmaq istəyir
"Cənub Qaz Dəhlizi" üzrə Məşvərət Şurasının ilk iclası zamanı Azərbaycan qazının Avropaya tədarük həcminin artırılması məsələsi müzakirə olunub. Bunu jurnalistlərə Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şevçoviç deyib. Onun sözlərinə görə, layihə texniki cəhətdən 10 milyard kubmetr qaz tədarük etmək iqtidarındadır, lakin bu göstəricini 20 milyard kubmetrədək artırmaq olar:
"Şahdəniz" yatağının geniş imkanları var".
M.Şevçoviç qeyd edib ki, Türkmənistan da Avropa İttifaqına qaz tədarük etmək istəyir: "Lakin Türkmənistandan Azərbaycana qaz nəqli məsələsini həll etmək lazımdır. Bu, həll edilməli olan texniki və hüquqi məsələləri nəzərdə tutur".
"Cənub Qaz Dəhlizi"nin təhlükəsizliyini hər bir ölkə təmin etməlidir"
Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini, həmçinin deyib ki, Ukraynadakı böhran Avropaya neft və qaz tədarükünə mənfi təsir edir və bununla əlaqədar olaraq Avropa İttifaqının enerji resurslarının tədarükü marşrutlarının şaxələndirilməsinə ehtiyacı var. Onun sözlərinə görə, hazırda "Cənub Qaz Dəhlizi" Avropa üçün prioritet təşkil edir: "Bu layihəyə cəlb edilən hər bir ölkə dəhlizin təhlükəsizliyini təmin etməlidir".
M.Şevçoviç qeyd edib ki, iclas zamanı "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının ilk iclasının iştirakçıları layihənin həyata keçirilməsində yarana biləcək problemləri, layihənin gələcəkdə irəliləyişi məsələlərini müzakirə ediblər.
"ABŞ yüksək qiymətləndirir"
Cənub Qaz Dəhlizi Azərbaycan hakimiyyətinin təşəbbüsü ilə ərsəyə gələn layihədir və ABŞ bunu yüksək qiymətləndirir.
Bu sözləri Cənub Qaz Dəhlizi layihəsində iştirak edən ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasında iştirak etmək üçün Bakıda səfərdə olan ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoxstayn keçirdiyi mətbuat konfransında deyib.
Azərbaycana bir neçə ay bundan öncə də səfər etdiyini xatırladan A.Hoxstayn deyib: "Buraya gəlməkdə məqsədimiz dəhlizin reallaşdırılmasında hansı irəliləyişlərə nail ola biləcəyimizi, hansı tədbirləri həyata keçirə biləcəyimizi müzakirə etmək idi. Bu dəhliz Avropanın enerji təhlükəsizliyi baxımından çox böyük önəm daşıyır. Dünyada baş verən son hadisələr də onu göstərir ki, Avropanın enerji təhlükəsizliyinin saxlanması, qorunması və gücləndirilməsi çox əhəmiyyətli mövzuya çevrilib. Buna görə də biz buradayıq və bu kimi görüşə qatılmışıq. Düşünürəm ki, bu, bir daha ABŞ-la Azərbaycan arasında olan güclü əlaqələrin əyani təzahürüdür. ABŞ-la Azərbaycan müxtəlif səpkidə əməkdaşlıq edirlər, enerji sahəsində əməkdaşlıq isə onlardan biridir".
A.Hoxstayn vurğulayıb ki, enerji təhlükəsizliyi Avropa ölkələri üçün bilavasitə onların iqtisadi və milli təhlükəsizliyi deməkdir. "Vaxtaşırı belə hallarla rastlaşırıq ki, müəyyən Avropa ölkələri enerji təchizatı baxımından tamamilə bir təchizatçıya arxalanır. Bakıya səfərim zamanı keçirdiyimiz görüşlərdə də nəinki enerji təchizatının, onun çatdırılma yollarının şaxələndirilməsinin vacibliyini də vurğuladıq. Yeni boru xətlərinin inşası, yeni dəhlizlərin açılması ilə digər məqamlar da gündəmə gəlir. Bunlardan biri də Azərbaycan qazının Avropa ölkələrinə çatdırılmasıdır. Bunun üçün isə yolların şaxələndirməsi vacibdir", - deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.
Səxavət HƏMİD