Prezident İlham Əliyevin fevralın 5-də imzaladığı fərmanla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilib. Onun səlahiyyətləri üç quruma - Əmlak Məsələləri Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinə verilib.
Ekspertlər ölkə başçısının bu fərmanını hökumətdə struktur islahatlarının sürətləndirilməsinin, idarəetmənin təkmilləşdirilməsinin və optimallaşdırılmasının, habelə büdcə vəsaitlərinin qənaətli istifadəsinin göstəricisi kimi qiymətləndirirlər.
“Böhranlarla bağlı deyil”
Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi qaçılmaz bir prosesdir və bu, dünyanın hər yerində aparılır. Onun sözlərinə görə, bu qərar hər hansı iqtisadi böhranlar fonunda həyata keçirilməyib: “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ümumi büdcə fondu cəmi 4 milyon manat vəsait idi. 27 milyard dollardan artıq büdcə xərclərinə malik olan bir ölkə üçün bu rəqəm o qədər də böyük deyil. Məsələ daha çevik, şəffaf və ən önəmlisi təyinatlı, funksional istiqamətləri bəlli olan strukturları formalaşdırmaqdır. 1994-cü ildən bu yana həyata keçirilən torpaq özəlləşdirmələri, yaxud onun üzərindəki müxtəlif hüquqların bərqərar edilməsi yönündə işlərin böyük bir hissəsi görülmüşdü. Digər tərəfdən Əmlak Məsələləri Dövlət Komitəsinin yaradılması ilə vətəndaşlar əsasən bu qurum vasitəsilə malik olduqları torpaqların üzərindəki sahiblik hüququnun gerçəkləşdirilməsi və sair işlərini həyata keçirirlər. Yəni, məsələ birinci mərhələdən çıxmışdı, artıq növbəti mərhələnin qayğıları qarşısında idik. Buna görə də verilən fərman yerindədir. Bu, birbaşa ölkə başçısının komptensiyasında olan məsələdir və bunu artıq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbərliyinə qarşı narazılığın nəticəsi kimi saymaq da çox yanlış olardı”.
Z.Oruc qeyd edib ki, hazırda yüz minlərlə insan ən kiçik sahədə də olsa, torpağı üzərində öz mülkiyyət hüquqlarını reallaşdırmaq istəyir, evinin həqiqi sahibinə çevrilməyə çalışır, onların rəsmiləşdirilməsi üçün müxtəlif dövlət orqanlarının qarşısına gedir: “Ən önəmli məsələ bunu reallaşdırmaqdır. Ləğv edilmiş dövlət komitəsinin səlahiyyətləri üç qurum arasında bölüşdürülsə də, qeyd etdiyimiz məsələlər əsasən Əmlak Məsələləri Dövlət Komitəsinin üzərində olacaq. Belə olan təqdirdə, həmin qurum ”ASAN-Xidmət" modelində vətəndaşların, həmin yüz minlərlə insanın həqiqi mənafelərinin təmin olunması istiqamətində şəffaf, operativ işlər həyata keçirməlidir. İnsanları bu düşündürür. Ən önəmli məsələ budur. Hesab edirəm ki, bu halda həm də büdcə vəsaitləri kifayət qədər artacaq".
Deputat qeyd edib ki, prezident İlham Əliyevin imzaladığı sözügedən fərman onun idarəetmə sistemini çevikləşdirmək niyyətindən doğur: “Çox arzulayıram ki, bu proses davam etsin. Zənn edirəm ki, dövlət idarəetmə sistemini daha da monolitləşdirmək, izafi xərclərdən azad olmaq və ən önəmlisi vətəndaşa ”ASAN-Xidmət" modelində öz fəaliyyətini təqdim etməyi bacarmaq lazımdır".
“Müsbət dəyərləndirilməlidir”
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, ekspert Qalib Toğrul hesab edir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi barədə fərman zərurətdən irəli gəlib: “Prezident İlham Əliyev ötən il martın 3-də ”Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" çox əhəmiyyətli bir fərman imzalamışdı. Həmin fərman “Doing Business” indeksində Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi üçün müvafiq qanunvericilik dəyişikliklərinin aparılmasını, prosedurların sayının, müddətinin, ödənişlərin məbləğinin azaldılmasını nəzərdə tuturdu. Fərmanda adıçəkilən indeksdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması məqsədilə xeyli sayda mərkəzi icra hakimiyyəti qurumuna 8 istiqamət üzrə konkret tapşırıqlar verilmişdi. Onlardan biri də dördüncü istiqamət üzrə nəzərdə tutulan daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərin hazırlanması idi. Məsələ burasındadır ki, “Doing Business”in metodoloji yanaşmasında əmlakın qeydiyyatı zamanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən aparılan prosedurlar nəzərə alınmırdı. Bu məsələdə əsas qurum Əmlak Məsələləri Dövlət Komitəsi sayılırdı və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bu komitənin həyata keçirdiyi prosedurlar əsas götürülürdü. Fevralın 5-də Prezident İlham Əliyev Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında fərman imzalamaqla, əslində, torpağın qeydiyyatı ilə bağlı prosedurların bir qurumda - Əmlak Məsələləri Dövlət Komitəsində cəmləşdirilməsinə imkan verib. Əslində, torpağın qeydiyyatı ilə bağlı prosedurların iki qurum tərəfindən aparılması prosedurların sadələşdirilməsini, asanlaşdırılmasını çətinləşdirirdi. Artıq ləğv olunmuş komitənin dövlət torpaq kadastrı, dövlət torpaq reyestrini aparmaq kimi funksiyaları çox doğru olaraq Əmlak Məsələləri Dövlət Komitəsinə verilib ki, bu da torpağın qeydiyyatı sahəsində çoxdan gözlənilən prosedur sadələşdirmələrinin, müddət qısaldılmalarının aparılmasına münbit şərait yaradacaq. Təsadüfi deyil ki, Prezident Nazirlər Kabinetinə daşınmaz əmlaka növündən asılı olmayaraq mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi zamanı verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın vahid formasına dair təkliflər hazırlamağı da tapşırıb".
Ekspertin fikrincə, çox doğru olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin digər təyinatlı funksiyaları (torpaqların monitorinqi, onların münbitliyinin bərpası və artırılması, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, kartoqrafik tədris vasitələrinin layihələşdirilməsi və sair) Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə olunub. Q.Toğrul hesab edir ki, eyni zamanda, bu fərman dövlət idarəetmə xərclərinin azaldılması addımı kimi də müsbət dəyərləndirilməlidir.
“Struktur dəyişikliyinə ehtiyacı olan qurumlar kifayət qədərdir”
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə bildirib ki, dövlət strukturlarının təkmilləşdirilməsinə ehtiyac var: “Prezidentin fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilərək onun səlahiyyətlərinin Əmlak Məsələləri Dövlət Komitəsinə, eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə birləşdirilməsi çox müsbət addımdır. Çünki hazırda özəlləşdirilməyən torpaqlar qalmayıb. Torpağın üzərindəki müəyyən problemlə Kənd Təsərrüfatı Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi məşğul olur. Belə addımları davam etdirmək lazımdır”.
O qeyd edib ki, hazırda bəzi digər dövlət qurumları da var ki, onların da ləğvinə və birləşdirilməsinə ciddi ehtiyac var: “Məsələn, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi, demək olar, eyni funksiyaları yerinə yetirir. Bu, təbii ki, dövlət başçısının səlahiyyətində olan məsələdir. Vergilər Nazirliyi faktiki olaraq vergiyə cavabdeh olan bir təşkilatdır. O cümlədən dövlət büdcəsinə nəzarət mexanizmini həyata keçirən qurum Maliyyə Nazirliyidir. Eyni zamanda, Əmlak Məsələləri Dövlət Komitəsi. Düşünürəm ki, bu sistemə də baxmaq olar. Ümumiyyətlə, struktur dəyişikliyinə ehtiyacı olan qurumlar kifayət qədərdir. Bu məsələlərin həyata keçirilməsi isə ölkənin iqtisadi vəziyyətindən asılıdır”.
Səxavət HƏMİD