
BAKI, 20 may. TELEQRAF
Qışın sərt günlərində bir qab yeməyə və isti geyimə ehtiyac duyan insanlar, valideyn qayğısından uzaq, sevgiyə, qayğıya möhtac uşaqlar, yaşlılar, fiziki məhdudiyyətləri ilə mübarizə aparan əlillər və digər çətinliklərlə üzləşən şəxslər...
Belə insanların hər birinin üz tutduğu ortaq bir məkan var. Həmin məkanda onların gündəlik maddi və mənəvi ehtiyacları qarşılanır. Orada isti ocaq, səmimiyyət, qayğı görür, yenidən həyata bağlana bilirlər. Ora sadəcə bir məkan deyil, onların ümid yeridir.
Bura Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsidir.
Bu müəssisədə onlarla insan, onların isə yüzlərlə bir-birindən fərqli hekayəsi var.
"Teleqraf" İnformasiya Agentliyinin əməkdaşları müəssisədə olub və oradakı şəraiti görüb, insanlarla həmsöhbət olub.
Müəssisəyə daxil olduqda geniş həyət və skamyalarda oturan yaşlıları görürük. Hava xoş, onların da əhvalları yaxşı görünür. Həyətdə həmçinin idmanla məşğul olmaq istəyənlər üçün alətlər də var.
Reportaj boyu Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin əməkdaşı bizə yoldaşlıq edəcək.
Bir neçə şöbədən ibarət olan binanı gəzməyə başlayırıq.
Müəssisə haqqında daha ətraflı məlumat almaq üçün Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində şöbə müdiri Gülnaz Məmmədli ilə söhbətləşirik.
O deyir ki, 2017-ci ildən fəaliyyətə başlayan müəssisənin dönüş nöqtəsi 2020-ci ildə Sosial Xidmətlər Agentliyi yaranandan sonra olub. Müəssisənin əsas məqsədi həssas ailə qruplarından olan şəxslərə sosial xidmətin göstərilməsi və onların cəmiyyətə reinteqrasiyasıdır. Tək cəmiyyətə yox, digər müvafiq dövlət qurumlarına yerləşdirilməsi də həyata keçirilir.
Müəssisəyə qəbul necə həyata keçirilir və nələr edilir?
G. Məmmədli bildirir ki, "Sosial Xidmət haqqında" Qanundan irəli gələn Nazirlər Kabinetinin 2005-ci il qərarına əsasən həssas ailə qruplarının müəssisələrə yerləşdirilməsi qaydaları var:
“Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan şəxslər özlərinin, valideynlərinin, qohumlarının, digər qanuni nümayəndələrinin, bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyanın müraciəti əsasında qəbul edilirlər. Müəyyən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər özlərinin müraciəti və ya Azərbaycanın Daxili İşlər Nazirliyi və ya yerli icra hakimiyyəti orqanlarının, həmçinin bələdiyyələrin göndərişləri əsasında qəbul edilirlər. Görmə qabiliyyəti məhdudluğu olan şəxslər özlərinin, onların valideynlərinin və ya qohumlarının, digər qanuni nümayəndələrinin, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının, habelə görmə qabiliyyəti məhdudluğu olan şəxsin razılığı ilə digər şəxslərin müraciətləri əsasında qəbul edilirlər. Müraciətlər Agentliyin yerli qurumlarına və ya “DOST” mərkəzlərinə təqdim edilir".
Şəxslərin razılığı şərtdir
Onun sözlərinə görə, burada hər şöbənin öz qaydaları var.
"Mütləq olaraq 10 yaşdan yuxarı şəxslərin öz razılığı olmalıdır. Benefisiarlar 180 günə qədər burada qala bilir, istisna hallarda 180 gündən artıq qalmaq mümkün olur. Yalnız 3 halda - yoluxucu xəstəliklər, epilepsi tutmaları, psixi problemlər olduqda şəxslərin buraya qəbul edilməsinə icazə verilmir.
Müəssisəyə daha çox müəyyən yaşayış yeri olmayan şəxslər, uşaqlar müraciət edirlər. Buraya qəbul edilən şəxslərin sosial xidmətə olan tələbatı qiymətləndirilir, hər bir şöbə üzrə onların hər biri üçün fərdi qayğı planı hazırlanır, həmin plan üzrə onlara sosial xidmət göstərilir. Hər bir benefisiara qəbul edildiyi vaxtdan sosial-məişət xidməti göstərilir. Onlar yemək, təmiz otaq, təmiz yataq, geyim və gigiyenik vasitələr ilə təmin olunurlar. Sonrakı mərhələlərdə fərdi qayğı planı üzrə onlara sosial-psixoloji, sosial-iqtisadi, tibbi-sosial, sosial hüquqi xidmətlər göstərilir. Onların sosial reabilitasiyası, təhsillə bağlı problemləri həll olunur.
Fərdi qayğı planının əsas hissələrindən biri təhsildən yayınmış 18 yaşa çatmayan şəxslərin təhsilinin yenidən bərpa olunmasıdır. Sosial pedaqoji dəstək məhz bunun üçün nəzərdə tutulub. Onların asudə vaxtları dəyərləndirilir, bacarıqları inkişaf etdirilir. Müəssisəsinin yaxınlığında olan məktəblərdə onların yenidən təhsil alması həyata keçirilir. Qeyd edim ki, dövlət qurumları arasında qarşılıqlı əməkdaşlıq var”.
Müəssisədə hansı şöbələr var?
G.Məmmədlinin sözlərinə görə, müəssisə bir neçə şöbədən ibarətdir: baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan şəxslərin sosial reabilitasiya şöbəsi, müəyyən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslərin sosial reabilitasiya şöbəsi, görmə məhdudiyyətli şəxslərin sosial reabilitasiya şöbəsi və s.
“Hər şöbədə psixoloji konsultasiya otaqları, qrup işləri, terapiyalar həyata keçirilən seminar otaqları, pedaqoji hazırlıq üçün dərs otaqları, sosial işçi, qiymətləndirmə, musiqi otağı və televizor olan istirahət otaqları var. Bunlarla yanaşı, kitabxana, idman zalı, üzgüçülük hovuzu da var. Mobil telefonu olmayan şəxslər telefonla təmin edilir. Uşaq şöbəsi və görmə məhdudiyyətli şəxslərin olduğu şöbələrin hər birinə 25 nəfərlik yer ayrılıb. 18 yaşdan yuxarı şəxslərin olduğu şöbədə isə 50 nəfərlik yer ayrılıb. Müəssisədə peşəkar mütəxəssislər fəaliyyət göstərir. Hər bir şöbənin öz işçi komandası var. Hər şöbədə 1 psixoloq, 1 pedaqoq, 2-3 sosial işçi, hüquqşünas və tibb işçiləri fəaliyyət göstərir”, - deyə əlavə edir.
Müəssisədə neçə nəfər üçün yer ayrılıb?
G. Məmmədli bildirir ki, müəssisədə ümumilikdə 110 nəfərlik yer mövcuddur.
"Hazırda burada 72 benefisiar var, 38 yer boşdur. Benefisiarlardan 22-i uşaqdır", - o qeyd edir.
İndiyədək 806 nəfər buradan müstəqil həyata keçid edib
"Agentlik yarandığı gündən bu günədək 1335 benefisiara xidmət göstərilib, onlardan 422-i uşaq olub. Bu günədək sığınacaqdan çıxıb müstəqil həyata keçid edə bilmiş şəxslərin sayı isə 806 nəfərdir", - G. Məmmədli əlavə edir.
Öncəliklə, 18 yaşdan yuxarı şəxslərin sosial reabilitasiya şöbəsinə daxil oluruq. Burada onlar üçün ayrıca otaqlar, mətbəx, asudə vaxtlarını səmərəli keçirmək üçün kitabxana var.
Şöbədəki otaqlardan birinə daxil olduqda sığınacaq sakini Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun nəslindən olan Emin Çingiz oğlu Topçubaşovla həmsöhbət oluruq.
O deyir ki, 4 aydır burada qalır.
“Azərbaycan Texniki Universitetinin televiziya və radio texnika fakültəsini bitirmişəm. 20 il televiziya kanallarında çalışmışam. 11 il ANS-də efir rejissoru, səs rejissoru işləmişəm, hamı məni tanıyırdı. Buna görə də Real TV-də çox sayda keçmiş həmkarım var. İşçilərin 60%-i keçmiş ANS işçiləridir. Real TV-dəki keçmiş həmkarlarımın köməyi ilə bura müraciət edərək gəlmişəm. Çünki mən necə müraciət edəcəyimi bilmirdim.
Xırdalanda kirayədə qalırdım, çünki mənim ögey anam və ögey qardaşım atam rəhmətə getdikdən sonra evi satıblar, mənə isə heç xəbər verməyiblər. Beləliklə, mən evsiz qalmışam. Bura çox gözəldir, şərait əladır. Burada işçilər, kollektiv də gözəldir”, - deyə əlavə edir.
Şöbədəki digər sığınacaq sakini Quliyeva Təranə Əhmədxan qızı ilə söhbətləşərkən Bərdə rayonundan olduğunu öyrənirik.
“Mən BDU-nun filologiya fakültəsini bitirmişəm, uzun illər Bərdədə ədəbiyyat müəllimi işləmişəm, sonra ən böyük hərbi hissə olan korpusda işləmişəm. 2019-cu ildə tək övladım - oğlumun ölümündən sonra ağır depressiya keçirdim, ondan sonra işləyə bilmədim. Heç kimim yoxdur, əvvəl kirayədə qalırdım, tez-tez xəstə olurdum. Şagirdlərimin qohumları kömək etdilər, yönləndirdilər, bura müraciət etdim", - deyə bildirir.
O qeyd edir ki, nə qədər müalicə alsa da ən yaxşı müalicəni, ən yaxşı kollektivi burada görüb:
"Qohumlarımdan, tanışlarımdan görmədiyim qayğını burada gördüm”.
T.Quliyeva deyir ki, asudə vaxtlarında kitablar oxuyur, psixoloqlarla, sosial işçilərlə diskussiyalar edirlər:
“Burada yenidən həyata bağlandım”.
Yetkinlik yaşına çatmayan şəxslərin sosial reabilitasiya şöbəsinə yollanırıq.
Burada koridorlarda gəzən, qaçışan uşaqları görürük. Onlardan bəziləri oyuncaqların olduğu, musiqi alətlərinin olduğu otaqda oyuncaqlarla oynayır, əylənirlər.
G.Məmmədli deyir ki, müəssisədən cəmiyyətə inteqrasiya edilən şəxsləri 1 il ərzində monitorinq edirik. Məsələn, monitorinq zamanı uşağın hazırkı durumu, təhsili bərpa olunmuş uşağın təhsildən yayınıb-yayınmaması və s. öyrənilir. Lakin müvafiq dövlət qurumlarına yerləşdirilən şəxslər artıq həmin qurumun himayəsində olduğundan onlara monitorinq aparmırıq.
Daha sonra görmə məhdudiyyətli şəxslərin sosial reabilitasiya şöbəsinə daxil oluruq.
Şöbə üzgüçülük hovuzundan, idman və akt zallarından, yataq, tibb və reabilitasiya otaqlarından ibarətdir.
Şöbənin benefisiarları müəssisədə o qədər rahat hərəkət edir ki, görmə məhdudiyyətinin olduğu heç hiss edilmir. Burada onlar üçün xüsusi otaq var ki, otaqda üzərində daş, ot kimi hissələrdən ibarət döşəmə salınıb. Bu da döşəmə üzərində gəzdikcə onlarda olan ayaq hissiyyatını artırır.
Həmçinin görmə məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan, xüsusi, səslə idarə olunan kompüterlərin olduğu otaq da var. Həmin şəxslər ikinci şəxsin yardımı olmadan istədiyi informasiyanı əldə edə bilir, rahatlıqla kompüterlə məşğul ola bilirlər.
Bununla yanaşı, onlar asudə vaxtlarında bir-birindən gözəl əl işləri hazırlayırlar, müxtəlif aksesuarlar düzəldir, dərzilik, toxuculuqla məşğul olurlar. Rəsm, heykəltəraşlıq, bədii yaradıcılıq, rəqs, musiqi alətlərində ifa ilə də məşğul olub təlimlər keçirlər.
Həmçinin burada görmə məhdudiyyətli insanların oxuyub-yazması üçün tərtib edilmiş Brayl əlifbası da var. Onlar burada Brayl əlifbası ilə yazıb oxuyurlar.
Tibbi reabilitasiya üzrə ali və orta ixtisaslı peşəkar tibb işçiləri tərəfindən terapevtik, nevropotoloji, oftomoloji müayinə və müalicə xidmətləri göstərilir.
Benefisiarların hansı uğur hekayələri var?
G. Məmmədli deyir ki, bir çox uğur qazanan benefisiarlar olub:
“Məsələn, burada 2 uşağı ilə bərabər qalan bir xanım benefisiar var idi. Uşaqlar təhsildən yayınmışdı, həyat yoldaşı qadının işləməsinə icazə verməmişdi. Onların çətin həyat şəraiti olmuşdu. Nikahın pozulması, alimentin alınması, əmlakın bölünməsi, uşaqların anada qalması kimi hüququ xidmət göstərildi. Reabilitasiyanın uğurlu nəticəsində qadının artıq kiçik biznesi var, uşaqların 6 ay müddətində burada təhsili yenidən bərpa olundu və hazırda qadının böyük övladı artıq kollec tələbəsidir”.
Təhlükəsizlik necə təmin edilir?
“Təhlükəsizlik məsələlərinə gəldikdə Daxili İşlər Nazirliyinin mühafizə xidməti 24 saat ərzində xidmət göstərir. Elə şöbə var ki, oradakı şəxslərin təhlükə problemi yoxdur, onlar sadəcə müəyyən yaşayış yeri olmadığı üçün burada qalır. Bu halda onlar icazə ərizəsi ilə bir neçə saatlıq buradan istədikləri yerə gedə bilirlər. Təhlükə problemi olduqda icazə yoxdur. Hər şöbənin daxili qaydaları var”, - şöbə müdiri qeyd edir.