BAKI, 15 avqust. TELEQRAF
Avropa İttifaqının (Aİ) müşahidə missiyası Ermənistanda fəaliyyətini davam etdirəcək.
Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə rəsmi nümayəndəsi Anita Hipper bildirib.
Onun sözlərinə görə, missiyanın mandatında dəyişiklik olarsa, bu məsələ Ermənistan və Belçika arasında müzakirə olunacaq.
"Aİ missiyanın əsas məqsədi Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində vəziyyəti izləmək və məlumat verməkdir. Aİ Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışlayır və tərəfləri bu sənədi tez bir zamanda imzalayıb ratifikasiya etməyə çağırır",- Anita Hipper qeyd edib.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in mətnini paraflayıblar. Sazişin 7-ci maddəsinə əsasən, tərəflər qarşılıqlı sərhəddə hər hansı üçüncü tərəfin hərbi qüvvələrini yerləşdirməmək öhdəliyini götürüblər.
Tərəflər, qarşılıqlı sərhədin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər, sərhəd bölgələrində təhlükəsizlik və sabitliyin təmin olunması məqsədilə, hərbi sahə də daxil olmaqla, qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirəcəklər.