BAKI, 14 iyul. TELEQRAF
Avropa İttifaqı (Aİ) və Ermənistan arasında tərəfdaşlıq münasibətləri yeni mərhələyə qədəm qoyur. Bu çərçivədə Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən yüksək səviyyəli görüşdə iki tərəf arasında əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məsələləri müzakirə olunub.
Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta "X" hesabında paylaşım edib.
Görüşdə, həmçinin Ermənistanın Cənubi Qafqazda sülh və sabitlik naminə səyləri Azərbaycanla sülh danışıqlarına davamlı şəkildə qoşulması və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına yönəlmiş təşəbbüsləri yüksək qiymətləndirilib.
***
13:43
Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen arasında üçtərəfli görüş başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Danışıqlarda Ermənistan nümayəndə heyətini baş nazirin müavini Mqer Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, ədliyyə naziri Srbui Qalyan, daxili işlər naziri Arpine Sarkisyan, XİN başçısının müavini Vahan Kostanyan və Ermənistanın Aİ-dəki səfiri Tiqran Balayan təmsil edir.
Avropa tərəfindən görüşdə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono, Aİ-nin Ermənistandakı səfiri Vasilis Maraqos və digər rəsmilər iştirak edirlər.