BAKI, 18 aprel. TELEQRAF
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə Ermənistan parlamentinin sədr müavini və İrəvan-Ankara münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan arasında telefon danışığı baş tutub.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Danışıqlar zamanı Rusiya-Ermənistan münasibətləri ilə yanaşı, Cənubi Qafqazda 3+3 regional əməkdaşlıq platforması çərçivəsində Azərbaycan, Türkiyə, Ermənistan, Gürcüstan, Rusiya və İran arasında qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.
Rusiya XİN qeyd edib ki, Moskva Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesində ortaq məqamların tapılmasına dəstək verməyə hazır olduğunu bir daha təsdiqləyib.
Ermənistan-Türkiyə əlaqələrinin yaxşılaşdırılması Cənubi Qafqazda sabitlik və davamlı inkişaf üçün mühüm amil olduğu vurğulanıb.
Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan da Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı son durum barədə Rusiya tərəfini məlumatlandırıb.