BAKI, 12 aprel. TELEQRAF

Ermənistanın rəsmi mövqeyi ondan ibarətdir ki, ölkənin beynəlxalq səviyyədə tanınan sərhədlərindən kənarda heç bir ərazi iddiası yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalyada keçirilən IV Diplomatiya Forumunda “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” panelində çıxışı zamanı deyib.

"Keçmişə həddən artıq qapılmaq və daim köhnə məsələləri gündəmə gətirmək doğru yanaşma deyil. Bu, nə indiki dövrə, nə də gələcək nəsillərə fayda verəcək. Əsas məqsədimiz keçmişdən nəticə çıxarıb, bu günü düzgün qurmaq və gələcək üçün davamlı sülhə əsaslanan münasibətlər formalaşdırmaq olmalıdır. Keçmişdəki problemlərə həddindən artıq fokuslanmaq, sadəcə olaraq, yeni mübahisələrin və qarşıdurmaların yaranmasına zəmin yarada bilər.

Bununla yanaşı, Ermənistanın rəsmi mövqeyi ondan ibarətdir ki, ölkənin beynəlxalq səviyyədə tanınan sərhədlərindən kənarda heç bir ərazi iddiası yoxdur. Bu cür yanaşma, regionda sabitlik və sülhün təmin olunması baxımından müsbət addımdır",- o qeyd edib.