
BAKI, 9 aprel. TELEQRAF
“Biz Azərbaycanla sərhəddə baş verən bütün məlumatları toplayıb qarşı tərəfə ötürürük və onlardan da eyni şeyi alırıq. İnternetdə yayılan atışmalar mövqelərə yönəlməyib, sadəcə atışmadır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan "Factor.am"a müsahibəsində sərhəddə son atışmalara münasibət bildirərkən qeyd edib.
Onun sözlərinə görə, bir hadisə istisna olmaqla, qalan bütün atəşlər havaya atılıb: "Mən demirəm ki, onların heç bir mənası yoxdur, sadəcə olaraq hər şeyi öz adı ilə çağırmaq istəyirəm. Çəkilişlərə gəlincə, istərdim ki, yalnız rəsmi mənbələrdən istifadə edəsiniz, çünki məlumatlar çox vaxt hibrid formada mediaya atılır və spekulyasiyalar aparılır. Bəzi insanlar tez-tez baş verənləri saxta səhifələrdə yazır, məlumat verir, iki-üç gün əvvəl baş verənləri bugünkü xəbər kimi təqdim edirlər”.
Alen Simonyan həmçinin qeyd edib ki, bəzi insanları Ermənistanı yeni qalmaqala sürükləməkdən çəkinməyə çağırır: "Biz buna imkan verməyəcəyik. Mən onları bu cür macəralara qarışmamağa çağırıram. Qarabağa qayıtmağa gəlincə, biz bu barədə yüz dəfə danışmışıq. Bu qayıdış mümkün olduqda, biz bu barədə danışacağıq. Amma güman etmirəm ki, yaxın illərdə ermənilər Qarabağa qayıda bilsinlər. Heç nə dəyişməyib”.