BAKI, 29 mart. TELEQRAF

"Nikol Paşinyanın istefaya getdiyi və ya vəzifəsindən uzaqlaşdırıldığı andan Ermənistanın strateji və diplomatik mövqeləri xeyli yaxşılaşacaq, yeni müharibə təhlükəsi azalacaq".

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan yazıb.

Sabiq nazir bunu Paşinyanın dünyada "uğursuz lider kimi qəbul etməsi" ilə bağlayıb:"Onun siyasi kapitalı tükənib, reputasiyası zədələnib, rəhbərliyi düşmənləri üçün zəiflik, müttəfiqləri üçün isə etibarsızlıq simvoluna çevrilib".

Oskanyanın fikrincə, yeni hökumət iki əsas istiqamətdə sürətlə hərəkət etməlidir: "Birincisi, Azərbaycanla aparılan danışıqları müvəqqəti dayandırmalıdır. Əvəzində Ermənistan öz prioritetlərinin daxil edilməsində israr etməlidir. İkincisi, Ermənistan yer üzündə dəyişən reallıqlara və qlobal güc dəyişikliyinə əsaslanaraq geosiyasi oriyentasiyasını aydınlaşdırmalıdır. Ermənistan reaktiv diplomatiyadan proaktiv siyasətə keçməlidir".

Ermənistanın yol ayrıcında olduğunu qeyd edən Oskanyan hesab edir ki, "yeni rəhbərlik, yenilənmiş milli məqsəd və inamlı xarici siyasətlə Ermənistan xalqının hüquqlarını qoruyaraq, öz şəxsiyyətini qoruyub saxlayaraq, regionda və dünyada öz layiqli yerini bərpa edərək, yenidən yüksələ bilər”.