
BAKI, 27 mart. TELEQRAF
Ermənistan hökuməti Türkmənistandan qaz tədarükü üçün İran vasitəsilə danışıqlar aparır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müşaviri Artaşes Tumanyan ölkələr arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında bildirib.
"Tədarük mübadilə sxemi ilə həyata keçiriləcək. Yəni Türkmənistan təbii qazı İrana ötürəcək, İran isə həmin həcmi Ermənistan üçün təmin edəcək. Tehran razılaşmada iştirak etməyə hazırdır, lakin Türkmənistanla qiymət məsələsində ortaq rəyə gəlinməyib", - deyə o bildirib.
Qeyd olunub ki, İrəvan ildə 600 milyon - 1 milyard kubmetr qaz almağı planlaşdırır. Bu isə Ermənistanın əsas təchizatçısı olan "Qazprom"un bazardakı payını azalda bilər. Hazırda Rusiya şirkəti Ermənistana ildə 2,4 milyard kubmetr qaz verir. Türkmən qazının həcmi ölkənin tələbatının 25-40 faizini qarşılaya bilər.
Xatırladaq ki, bundan əvvəl Baş nazir Nikol Paşinyan sülh razılaşmaları əldə olunacağı təqdirdə Ermənistanın Azərbaycandan da qaz ala biləcəyini istisna etməmişdi.