Ermənistanın Yol İdarəsinin icraçı direktoru Qor Avetisyan İran Yollar və Şəhərsalma Nazirliyinin rəsmiləri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, tərəflər Ermənistan və İran arasında Araz çayı üzərində ikinci körpünün tikintisi ilə bağlı məsələləri müzakirə ediblər.

Qeyd edək ki, İranla Ermənistan arasında Arazçayı üzərində ilk körpü 1996-cı ildə Mehri sərhəd-keçid məntəqəsində istifadəyə verilib. Mövcud körpünün uzunluğu 192 m-dir.

Körpü istismara verilməzdən əvvəl iki ölkə arasında yük və sərnişin daşınması üzən körpü vasitəsilə həyata keçirilirdi. İranlı mütəxəssislərin Mehri sərhəd-keçid məntəqəsində sərnişin və yükdaşımalarının həcmi ilə bağlı apardıqları son araşdırmaya görə, 2023-cü ilin dördüncü rübündə nəqliyyat vasitələrinin ümumi sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Bu baxımdan, Araz çayı üzərində ikinci körpünün tikilməsi zərurətinin yarandığı bildirilir.

Görüş zamanı Ermənistan və İran nümayəndələri körpünün tikintisi planının hazırlanması üçün işçi qrupun yaradılması məsələsini müzakirə ediblər. Ermənistan işçi qrupuna daxil edilmək üçün mütəxəssislərin təklif olunan siyahısını İrana göndərib. Yaradılacaq işçi qrupu körpünün tikintisinin konsepsiyasını müzakirə edərək işləyib hazırlayacaq.