Yepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatın heç bir gündəmi yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Lilit Dallakyan deyib.
Ekspert Qalstanyanın revanşist “Qarabağ klanı” və Rusiyaya bağlı şəxs olduğunu, onların maraqlarına uyğun hərəkət etdiyini bildirib:
“Hərəkat liderləri əvvəlcə hakimiyyət dəyişikliyini istəmədiklərini söyləsələr də, sonra bir saat ərzində baş nazirin istefasını tələb etdilər. Bu, o deməkdir ki, dəqiq gündəmləri yoxdur, daha doğrusu, bir gündəmləri var: ölkədə qeyri-sabit vəziyyət yaratmaq.
Yaxşı, təklifiniz nədir? Deyirlər ki, əsgər durduğu (işğal etdiyi) yerdə qalmalıdır. Bu, sərhəd deyil, təmas xəttidir, yəni nə edək, demarkasiya etməyək, müharibəyə gedək, təklif etdiyiniz plan budur?”.
Dallakyanın fikrincə, bu gün Qalstanyanın yanında və arxasında duran qüvvələr rusiyayönlü siyasət yürüdürlər:
“Vaaqn Melikyanın “xarici siyasətdə kəskin dönüş olmamalıdır” fikri bundan ibarətdir. Yəni əvvəldən hərəkatın əsas gündəmi Rusiyanın təsir dairəsindən çıxmamaqla bağlıdır. Bəli, açıq şəkildə rusiyayönlü oriyentasiyaya malikdirlər. Təsadüfi deyil ki, Rusiya mətbuatı və Teleqram kanallarında hərəkata açıq müsbət münasibət var. Hesab edirəm ki, burada Rusiyanın böyük rolunun olduğu açıq-aydın görünür. Həmçinin, müxtəlif rusiyalı ekspertlər Rusiyadan bir çox insanın Ermənistana nifaq salmaq üçün gəlmələrindən danışırlar. Bir şey bəllidir ki, bu hərəkat Baqrat Qalstanyan kənarda durana qədər xalqın geniş dəstəyini qazana bilməyəcək, artıq bunun üçün çox gecdir”.
Lilit Dallakyan erməni kilsəsinin Rus Pravoslav Kilsəsinin təsiri altında hərəkət etdiyini də vurğulayıb.
Politoloq revanşist Köçəryan-Sərkisyan klanının nümayəndələrinin keçid hökuməti qurulması çağırışlarına da diqqət çəkib:
“Əgər müvəqqəti hökumət qurulacaqsa və keçmiş hakimiyyətlərlə əlaqəli şəxslər vəzifə alacaqlarsa, azad və ədalətli seçkilər də unudulmalıdır, çünki Baqrat Qalstanyanın yanında duran şəxslər seçkiləri saxtalaşdırmaqda ittiham olunur”.
Dallakyan əmindir ki, revanşistlərin Baş nazir Nikol Paşinyana etimadsızlıq prosesi də uğursuzluğa düçar olacaq, çünki bu prosesə başlamaq üçün kifayət qədər səsləri yoxdur.
“Fors-major vəziyyət yaranmasa, hakim partiya daxilində Paşinyanı sui-qəsdlə dəyişməyə cəhd edilməyəcək, belə bir ssenarini mümkünsüz hesab edirəm. Əksinə, həmin qüvvələr istəmədən Paşinyanın reputasiyasını qaldırırlar, çünki ağ-qara siyasət hakimiyyətə faydalıdır”.
Dallakyan sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyanı qatil və cinayətkar adlandırıb, Qalstanyanın onlara haqq qazandırmaqdan başqa heç bir iş görmədiyini qeyd edib.