BAKI, 12 fevral. TELEQRAF
1768 km uzunluğunda olan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-ci ilin sonunadək ümumilikdə təqribən 619 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edilmiş və Ceyhanda 6145 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Teleqraf xəbər verir ki, bu barədə "BP-Azerbaijan"ın 2025-ci ilin yekunlarına dair hesabatında qeyd edilib.
2025-ci ildə BTC vasitəsilə ixrac olunmuş təqribən 27 milyon ton (təxminən 207 milyon barel) xam neft və kondensat "Ceyhan" terminalında 283 tankerə yüklənmiş və yola salınıb.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.
2025-ci il ərzində BTC boru kəməri üzrə əməliyyat xərclərinə təxminən 131 milyon dollar, əsaslı xərclərə isə 98 milyon dollar vəsait xərclənib.