BAKI, 12 fevral. TELEQRAF

2025-ci il ərzində "Şahdəniz" yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

Teleqraf xəbər verir ki, bu barədə "BP-Azerbaijan"ın 2025-ci ilin yekunlarına dair hesabatında qeyd edilib.

2025-ci ildə "Şahdəniz" yatağından ümumilikdə - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 27 milyard standart kubmetr qaz və təxminən 4 milyon ton (təqribən 32 milyon barel) kondensat hasil edilib.

Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə təxminən 77 milyon (ildə təqribən 28 milyard) standart kubmetrdir.

2025-ci ildə "Şahdəniz" üzrə fəaliyyətlərə təxminən 2 milyard 315 milyon dollar əməliyyat xərcləri və təxminən 1 milyard 087 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.