BAKI, 12 fevral. TELEQRAF
2025-ci ildə "Səngəçal" terminalından təxminən 209 milyon barel neft və kondensat ixrac edilib ki, bu həcmlərin hamısı "Bakı-Tbilisi-Ceyhan" vasitəsilə nəql edilib.
Teleqraf xəbər verir ki, bu barədə "BP-Azerbaijan"ın 2025-ci ilin yekunlarına dair hesabatında qeyd edilib.
Bildirilib ki, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, "Şahdəniz" qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
Qaz terminaldan, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla, əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.
İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 74,4 milyon standart kubmetr (təxminən 2 milyard 628 milyon standart kubfut) "Şahdəniz" qazı göndərilib.