BAKI, 12 fevral. TELEQRAF

2025-ci ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağından stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

Teleqraf xəbər verir ki, bu barədə "BP-Azerbaijan"ın 2025-ci ilin yekunlarına dair hesabatında qeyd edilib.

İl üçün AÇG-dən ümumi hasilat – "Çıraq" (21 000), "Mərkəzi Azəri" (90 000), "Qərbi Azəri" (76 000), "Şərqi Azəri" (43 000), "Dərinsulu Günəşli" (51 000), "Qərbi Çıraq" (24 000) və ACE (25 000) platformalarından birlikdə – gündə orta hesabla 330 000 barel və ya ümumilikdə təxminən 120 milyon barel, yəni 16 milyon ton olub.

2025-ci ildə AÇG iki mühüm hadisəni qeyd etdi. Fevralın 18-i "Mərkəzi Azəri" platformasından ilk neftin əldə olunmasının 20 ili tamam oldu. Mərkəzi Azəri indiyədək ümumilikdə 1,2 milyard barrel (157 milyon ton) neft hasil etməklə AÇG platformaları arasında ən yüksək hasilat göstəcisinə malikdir. Daha sonra, dekabrın 30-u "Qərbi Azəri" platformasından ilk neft hasilatının 20 ili tamam oldu. Bu platformadan isə indiyədək 1 milyard bareldən (142 milyon ton) çox neft hasil edilib.

2025-ci ilin sonunda AÇG-də ümumilikdə 147 neft hasilat quyusu, 49 su injektor quyusu və 10 qaz injektor quyusu istismarda olub.

2025-ci il ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 564 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 288 milyon dollar əsaslı məsrəflər xərclənib.