BAKI, 11 fevral. TELEQRAF

2026-cı ildə qlobal neft tələbatı gündəlik 1,4 milyon barel artaraq 106,52 milyon barelə çata bilər.

Teleqraf xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında qeyd edilib.

Qurumun məlumatına əsasən, 2025-ci ildə dünya üzrə neftə tələbat 105,13 milyon barel/gün təşkil edib. 2027-ci ildə isə OPEC neftə tələbatın daha 1,34 milyon barel/gün artaraq 107,86 milyon barelə yüksələcəyini gözləyir.

Hesabatda qeyd olunur ki, 2026–2027-ci illərdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olmayan ölkələrdə tələbat artımı 1,2 milyon barel/gün səviyyəsində olacaq. Artım əsasən Asiya ölkələrinin ehtiyacları hesabına formalaşacaq və Hindistanla Çin tərəfindən dəstəklənəcək.

OPEC, həmçinin “OPEC+”a daxil olmayan ölkələr üzrə neft təklifinin 2026-cı ildə artım proqnozunu dəyişməyərək 0,6 milyon barel/gün səviyyəsində saxlayıb. Bu ölkələrdə neft təklifi 54,78 milyon barel/günə çatacaq. Qurumun qiymətləndirməsinə görə, əsas artım mənbələri ABŞ, Kanada, Braziliya və Argentina olacaq.

2027-ci ildə isə “OPEC+”a daxil olmayan ölkələrdə maye karbohidrogenlərin hasilatının daha 0,6 milyon barel/gün artaraq 55,39 milyon barel/günə yüksələcəyi proqnozlaşdırılır.