BAKI, 11 fevral. TELEQRAF
Avropanın yeraltı qaz anbarlarından istilik mövsümünün əvvəlindən bu günədək xalis qaz çıxarılması (qazın çıxarılması və vurulması həcmləri arasındakı xalis fərq) 52 milyard kubmetrə çatıb ki, bu da yayda vurulan həcmin təxminən 95%-ni təşkil edir.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (Gas Infrastructure Europe) məlumatlarında qeyd olunub.
Fevralın 9-da anbarlardan qaz çıxarılması təxminən 623 milyon kubmetr olub. Hazırda Avropanın yeraltı qaz anbarlarında təxminən 39,9 milyard kubmetr yanacaq mövcuddur.
Qeyd edək ki, ötən mövsüm 2025-ci ilin martın 28-də başa çatıb. Həmin vaxt ehtiyatlar 33,57% təşkil edirdi. Hazırda anbarlar 36,13% doludur. Bir il əvvəl bu göstərici 48,5% təşkil edirdi.
Fevralın ortalarında anbarların daha aşağı doluluq səviyyəsi yalnız 2022-ci ildə (34,5%) qeydə alınıb. Həmin il istilik mövsümü martda başa çatıb və anbarlarda ehtiyatların təxminən 25–26%-i qalıb. Avropada qaz ehtiyatlarının mütləq minimumu isə 2018-ci ilin martında – 17,7% səviyyəsində qeydə alınıb.