BAKI, 10 fevral. TELEQRAF

“SOCAR Trading” və “AzərEnerji” ASC-nin əməkdaşlığı çərçivəsində Laçın rayonunda yerləşən “Mirik” və “Qaraqışlaq” kiçik su elektrik stansiyalarını əhatə edən "Hidro-3" layihəsi beynəlxalq karbon bazarına uğurla daxil olub.

“AzərEnerji” ASC-dən Teleqraf-a verilən məlumata görə, layihə 28 may 2025-ci il tarixində dünyanın aparıcı karbon sertifikatlaşdırma qurumlarından biri olan "Gold Standard" tərəfindən qeydiyyata alınıb, 28 yanvar 2026-cı il tarixində "Hidro-3" layihəsi üzrə karbon kreditləri rəsmi şəkildə təqdim edilib.

Bununla da, "Hidro-3" layihəsi Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə əldə edilmiş ilk beynəlxalq karbon kreditləridir.

Karbon kreditləri 2024-cü ilin aprel ayından 2025-ci ilin avqust ayınadək olan dövrü əhatə edir və ümumi həcmi 10 745 karbon vahidi təşkil edir. Bu göstərici layihənin istixana qazı emissiyalarının azaldılmasına real və ölçülə bilən töhfə verdiyini təsdiqləyir.