BAKI, 13 avqust. TELEQRAF
Prezident İlham Əliyev avqustun 8-də ABŞ-yə səfəri çərçivəsində Azərbaycan mediasına verdiyi müsahibədə qeyd edib ki, böyük neft yatağının kəşfi ehtimalı yüksəkdir.
Onu da xatırlatmaq yerinə düşər ki, avqustun 7-də SOCAR-la ABŞ-nin "ExxonMobil" şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Teleqraf-a danışan Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov ölkədə yeni neft yataqlarının kəşfindən və onun gətirəcəyi üstünlüklərdən bəhs edib.
.jpg)
O bildirib ki, Azərbaycan qarşıdakı illərdə də enerji ölkəsi statusunu qoruyub saxlayacaq:
"Neft və qaz ehtiyatlarımız hələ uzun müddət regionun təhlükəsizliyinə töhfə verməyə qadirdir. Sözsüz ki, ölkəmiz üçün əsas məqsədlərdən biri, xüsusən neft hasilatında stabilliyin qorunub saxlanılmasıdır. Prezident İlham Əliyev bununla bağlı yeni dövrün yeni prioritetlərini müəyyənləşdirən zaman da xüsusi qeydlər etmişdi. Azərbaycanın ixracında enerjinin payı 80 faizə yaxındır. Bunun önəmli hissəsi neft və neft məhsullarının payına düşür. Məqsəd həm də neft hasilatını stabilləşdirməkdir. Yeni neft yataqları Azərbaycanın ixrac imkanlarının genişləndirilməsi baxımından vacib hesab olunur. Ona görə bu istiqamətlərdə həm yeni neft, həm də qaz yataqlarının kəşfi ilə bağlı işlər mütəmadi aparılır. Nəticə etibarı ilə ölkəmizdə kəşf ediləcək neft-qaz yataqları həm də ixrac imkanlarının artmasına gətirib çıxara bilər".

Deputat vurğulayıb ki, “ExxonMobil” və SOCAR arasında imzalanan memorandum iki şirkətin əməkdaşlığının güclənməsinə, eyni zamanda Azərbaycan - ABŞ münasibətlərinin daha da dərinləşməsinə imkan yaradacaq:
"Qeyd etməliyik ki, "ExxonMobil" dünyanın aparıcı şirkətlərindəndir. Bu əməkdaşlıq Azərbaycanın enerji sektoruna daha çox texnologiyanın və sərmayənin cəlb edilməsinə imkan verəcək. Enerji sektorunda həm informasiya texnologiyasından, həm də süni intellektdən sıx şəkildə istifadə imkanları deməkdir. Eləcə də yaşıl enerjiyə investisiya qoyuluşları baxımından bu, vacibdir. Azərbaycan ənənəvi enerji məhsullarının istehsalını artırmaq niyyətindədir. Mavi qazın hasilatının artırılması və daha çox ölkələrə nəqli əsas prioritetlərdəndir. Hazırda Azərbaycan 14 ölkəyə qaz ixrac edir. İxrac xüsusilə investisiya texnologiyaları tələb edir. Azərbaycan və ABŞ arasında imzalanmış memorandum enerji sahəsində əməkdaşlığın gücləndirilməsi ilə dövlətlərarası münasibətləri daha da genişləndirəcək".