
BAKI, 11 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflərdən sonra “Brent” markalı xam neftin qiyməti bir neçə gün ərzində 20%-dən çox ucuzlaşıb. Ticarət əməliyyatları sessiyasında WTI markalı neft 3,7 faiz ucuzlaşaraq barreli 60 dollar, "Brent" isə 63 dollar təşkil edib. Analitiklərə görə, neftin ucuzlaşması bu əmtəədən asılı iqtisadiyyatlar üçün büdcələrini balanslaşdırmağa imkan verməyəcək. Hətta bu yöndə ilkin proqnozlar da var. "Goldman Sachs"a görə, neft böhranı Səudiyyə Ərəbistanının büdcə kəsirini 67 milyard dollara çatdıra bilər. Qiymətlərdəki azalma gəlirlərində bu əmtənin rolu böyük olan Rusiya iqtisadiyyatını da yavaşladıb. Hətta iqtisadiyyatda daralma gözləntiləri artıb. Üçdə biri neft gəlirləri hesabına formalaşan İran büdcəsinin qarşısında da çətin günlər dayanır. Belə ki, büdcədə neftin barel 57.50 avrodan (64.38 dollar) müəyyən edilib. Azərbaycanın dövlət büdcəsində İqtisadiyyat Nazirliyinin proqnozları əsasında neftin bir bareli 70 ABŞ dollardan nəzərdə tutulub. Neftin qiymətində ucuzlaşma büdcəyə yenidən baxılıb-baxılmayacağı ilə bağlı suallar yaradır.
Məsələ ilə bağlı Teleqraf-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, büdcədə neftin baza qiyməti dəyişdirilməyəcək:
“Neftin qiyməti büdcə proqnozlaşdırıldığı formada qalacaq. Təbii ki, neftin ucuzlaşması hökuməti bir sıra təxirə salına bilən xərcləri həyata keçirməməyə vadar edəcək. Xüsusən investisiya qoyuluşları və növbəti ilə təxirə salınması mümkün olan xərclər azaldıla bilər. Yəni hökumət onsuz da bu cür məqamlarda büdcədən xərclər etmir. Bu zaman xərclər ya təxirə salınır, ya da ilin axırına saxlanılır".
Ekspert bildirib ki, büdcənin hazırlanması zamanı hökumət müxtəlif ssenariləri nəzərə alıb, bunlara neftin qiyməti də daxildir:
“Maliyyə Nazirliyinin dövlət büdcəsinin təqdimatından görmək olur ki, neftin orta illik qiymətinin 10 dollar azalması Azərbaycanın tədiyə balansına, ümumiyyətlə gəlirlərinə 2.1 milyard manat təsir göstərir. Bu məbləğin 400 milyon manatı büdcənin gəlirlərindən azalır, 1.7 milyard manatı isə Dövlət Neft Fondunun gəlirlərinə mənfi təsir göstərir. Bunlar büdcə hesablamaları zamanı nəzərə alınıb.
Birinci rübdə "Azeri Light" markalı Azərbaycan neftinin qiymətinin 75 dollardan artıq olduğuna görə hələlik ölkə üçün ciddi narahatlıq yoxdur. Son bir neçə gündə Azərbaycan nefti 63-64 dollara satılsa da, bu narahatlıq yaratmır. İndiki qiymətlər komfortludur”.
Qeyd edək ki, bu gün dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 2,05 ABŞ dolları artaraq 66,16 ABŞ dolları təşkil edib.
Neftin qiymətinin azalması Dövlət Vergi Xidmətinin gəlirlərində 340 milyon manat, Dövlət Neft Fondunda isə 2,1 milyard manat azalmaya səbəb ola bilər.