BAKI, 18 mart. TELEQRAF

“AzərEnerji” 1280 meqavatlıq yeni elektrik stansiyasında işləri yekunlaşdırır.

Bu barədə Teleqraf-a “AzərEnerji” ASC-dən məlumat verilib.

Qeyd edək ki, yeni tikilən elektrik stansiyası qoyuluş gücünə görə müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyasıdır. Bununla paralel istilik elektrik stansiyaları arasında hər kilovat saat üçün ən az qaz yandıran stansiya olacaq. Mingəçevir şəhərindəki “Azərbaycan” İES-in ərazisində inşa edilən bu nəhəng enerji obyektinin qrafikə uyğun olaraq, 2025-ci ilin sonuna kimi istismara verilməsi planlaşdırılsa da artıq proses qrafikdən əvvəl başa çatmaqdadır. Hazırda yeni elektrik stansiyasının 4 ədəd turbin və generatorlarından 3 dəsti test edilərək qoşulub və bir dəstinin isə yaxın vaxtlarda işəburaxılması gözlənilir.

Yeni elektrik stansiyasının turbin və generatorları İtaliyanın “Ansaldo Energia”, util qazanlar isə Çinin “Dongfang” şirkətinin istehsalı olduğundan son 2 ildə dəfələrlə bu şirkətlərin mütəxəssisləri Mingəçevirdə, “AzərEnerji” mütəxəssisləri isə İtaliya və Çində olub, əyani kurslarda iştirak ediblər. Hazırda isə stansiyada qurğuların, avadanlıqların texniki sistemlərinin tam və etibarlı şəkildə istismarının təmin edilməsi, Qazan-Turbin sexinin işçilərinin bilik və peşə vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə “Util Qazan təlim proqramı” üzrə aparılan Turbin, Generator və Avtomatika sahələri üzrə kadr hazırlığı proqramı davam etdirilir. Bu kurslara “Azərenerji” ASC-nin 130 əməkdaşı cəlb olunub.