BAKI, 8 oktyabr. TELEQRAF
"Hazırda Azərbaycanda 1180 məktəbdə 1650 icma əsaslı məktəbəqədər qrup fəaliyyət göstərir. Bu da təxminən 27 min 3–5 yaşlı uşağın erkən təhsilə cəlb olunması deməkdir".
Teleqraf xəbər verir ki, bu barədə layihənin rəhbəri Orxan Cabbarov “Təhsil Saatı” verilişində danışıb.
O bildirib ki, "İcma əsaslı məktəbəqədər təhsil” layihəsi 2017-ci ildə hazırlanıb, 2018-ci ildən isə pilot olaraq 10 rayonda tətbiqinə başlanılıb. Hazırda bu model ölkədə ən geniş şəkildə tətbiq olunan alternativ məktəbəqədər təhsil formasıdır.
Onun sözlərinə görə, layihənin əsas məqsədi məktəbəqədər təhsil müəssisələrinin olmadığı kənd və qəsəbələrdə uşaqların təhsilə əlçatanlığını artırmaqdır: "Bu istiqamətdə Regional Təhsil İdarələri ilə birgə analizlər aparılır, ehtiyaclar müəyyənləşdirilir. Bəzi bölgələrdə yer problemi olsa da, direktorların və idarələrin dəstəyi ilə bu məsələlər adətən həllini tapır”, - qeyd olunub.
Hazırda Azərbaycanda 1180 məktəbdə 1650 icma əsaslı qrup fəaliyyət göstərir. Bu da təxminən 27 min 3–5 yaşlı uşağın erkən təhsilə cəlb olunması deməkdir.