BAKI, 11 iyun. TELEQRAF

"Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini seçmək istəyirəm".

Bunu Teleqraf-a açıqlamasında Qax rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Çiçək Hümmətli deyib.

O buraxılış imtahanından 297.5 bal topladığını, ümumi nəticəsinin isə 697.5 bal olduğunu bildirib.

"Bu nəticəni gözləyirdim, ailəm, xüsusilə də anam məndən bu nəticəni gözləyirdi. İmtahana da bu məqsədlə getmişdim: 400 bal toplamalıydım".

Onun sözlərinə görə, imtahana iki il intensiv hazırlaşıb.

"Qax rayonunda hazırlıq kurslarına getmişəm. 10-cu sinifdən etibarən ali məktəbə hazırlıq məqsədilə kurslara gedirəm. 9-cu sinfə qədər isə dərslərimi özüm çalışaraq oxumuşam, əlavə hazırlıq almamışam. Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini seçmək istəyirəm", - Ç.Hümmətli qeyd edib.

Qeyd edək ki, bu gün Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə mayın 25-də keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.