BAKI, 11 dekabr. TELEQRAF

2022-ci ildə dünya reytinqində 488-ci yerə yüksələn fransalı tennisçi Kventin Follio 20 illik cəza alıb.

Teleqraf xəbər verir ki, bu qərar Beynəlxalq Tennis Dürüstlüyü Təşkilatı (ITIA) tərəfindən verilib.

Follio oyunların saxtalaşdırılmasında, mərc məqsədilə qeyri-qənaətbəxş nəticələrə görə ödəniş qəbul etməkdə, danışılmış oyunların təşkili üçün digər tennisçilərə pul təklif etməkdə, insayder məlumatlarının yayılmasında, korrupsiyaya cəhddə, ITIA istintaqı ilə əməkdaşlıq etməməkdə və sübutları məhv etməkdə günahkar bilinib.

Ona 11 tennis matçı üzrə 30 ittiham irəli sürülüb. Qanun pozuntuları 2022-ci ildən 2024-cü ilə qədər olan dövrü əhatə edib.

Qadağaya əlavə olaraq, 26 yaşlı Follio 70.000 dollar cərimə olunub və mərcdən qazandığı 44.000 dolları geri qaytarmaq məcburiyyətində qalıb.