
BAKI, 27 fevral. TELEQRAF
Azərbaycanın gənc badmintonçuları Uqandanın paytaxtı Kampalada keçirilən "Junior Future" seriyalı beynəlxalq turnirdə 2 gümüş, 4 bürünc medal qazanıblar.
Azərbaycan Badminton Federasiyasından Teleqraf-a verilən məlumata görə, 19 yaşadək badmintonçular arasında keçirilən turnirdə Ülvi Hüseynov oğlanların şəxsi yarışında bürünc medal qazanıb.
Qızların şəxsi kateqoriyasında finala kimi irəliləyən Həcər Nuriyeva turnirin gümüş medalına layiq görülüb.
Daha 4 medal qoşa kateqoriyalarda qazanılıb.
Qarışıq qoşa kateqoriyasında Əmirxan İmanov - Həcər Nuriyeva və Ülvi Hüseynov - Leyla Camalzadə tandemi "Uganda Junior International 2025" turnirində bürünc medal qazanıb.
Oğlanların qoşa kateqoriyasında Ülvi Hüseynov və Əmirxan İmanov yarımfinala yüksələrək bürünc medalı təmin edib.
Qızların qoşa yarışında isə Leyla Camalzadə - Həcər Nuriyeva qoşası gümüş medala yiyələnib.
Diki Pangestu isə "Uganda International Challenge 2025" turnirində şəxsi kateqoriyada gümüş medal qazanıb. Mübarizəyə 1/16 finaldan başlayan Diki finala kimi irəliləməyi bacarıb.
Qeyd edək ki, Uqandada keçirilən beynəlxalq turnirlərdə ev sahibi ilə yanaşı Türkiyə, İtaliya, Hindistan, İsveçrə, Bolqarıstan, Qazaxıstan, Səudiyyə Ərəbistanı, ABŞ, Kanada, BƏƏ, Malayziya, İndoneziya, Misir və Mərakeşi təmsil edən badmintonçular da iştirak edib.