BAKI, 19 oktyabr. TELEQRAF
Liviyanın qərbində yerləşən Əz-Zaviyə şəhərində hərbi təlim zamanı baş verən partlayış nəticəsində 7 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə “Libya Press” informasiya portalı məlumat yayıb.
Məlumata görə, hadisə şəhərin Əl-Harşa rayonundakı “Radar” hərbi düşərgəsində təlimlər zamanı qeydə alınıb.
Həlak olanlar Təhlükəsizlik Təhdidlərinə Qarşı Mübarizə Xidmətinin rəhbəri Məhəmməd Bəhrunun tabeliyindəki silahlı birləşmələrin üzvləridir.
Yaralananlar arasında Bəhrunun nəzarətində olan həbsxanalara cavabdeh şəxs də var. Şahidlərin sözlərinə görə, o, ağır xəsarət alıb.
Qeyd edək ki, paytaxt Tripolinin qərbində yerləşən Əz-Zaviyə şəhərində ölkənin ən böyük neft emalı zavodu və neft limanı fəaliyyət göstərir. Son vaxtlar şəhərdə əraziyə nəzarət uğrunda rəqabət aparan silahlı qruplaşmalar arasında dəfələrlə toqquşmalar baş verib. Bu qarşıdurmalar yolların bağlanmasına və infrastruktur obyektlərinin fəaliyyətinin pozulmasına səbəb olub.
Partlayışın səbəbləri barədə hələlik məlumat verilməyib.