BAKI, 22 avqust. TELEQRAF

Avropanın enerji şirkətlərinin tədarükün şaxələndirilməsi istiqamətində gördüyü işlərə baxmayaraq, Rusiya uranı və onun emalı xidmətlərindən asılılığı artıb.

Teleqraf xəbər verir ki, bu barədə “The National Interest” jurnalı “Sprott Asset Management” şirkətinin hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, 2025-ci ildə Rusiyadan Aİ-yə uran tədarükü 7%, uranın zənginləşdirilməsi üzrə göstərilən xidmətlərin həcmi isə 12% artıb.

Rusiya Avropa bazarında uran tədarükünün 16%-ni, uranın zənginləşdirilməsi xidmətlərinin isə 23%-ni təmin edir. Bununla yanaşı, mövcud müqavilələrin müddəti başa çatır ki, bu da digər tədarükçülərin məhsulları uğrunda rəqabəti gücləndirəcək.

Nəşr qeyd edib ki, əsas alternativ mənbə Qazaxıstandır. Bu ölkənin payı 2025-ci ildə Aİ-yə uran tədarükündə 20% təşkil edib. Lakin Qazaxıstan uranının əhəmiyyətli hissəsi Çin, Rusiya və Hindistan üçün nəzərdə tutulub.

Rusiyanın nüvə yanacağından mümkün imtina Aİ-nin beş ölkəsinə – Bolqarıstan, Çexiya, Finlandiya, Macarıstan və Slovakiyaya daha ciddi təsir göstərə bilər. Bu ölkələr sovet və Rusiya istehsalı olan VVER reaktorlarından istifadə edir.

Avropa Komissiyasının məlumatına görə, Aİ və Ukraynada ümumilikdə Rusiya yanacağından asılı olan 30-dan çox enerji bloku fəaliyyət göstərir.