BAKI, 22 avqust. TELEQRAF

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Ukraynaya humanitar yardım üçün 50 milyon avro ayrılacağını vəd edib.

Teleqraf xəbər verir ki, o, bu barədə Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“50 milyon avro ayıracağıq. Bu vəsait cəbhə xəttində yaşayan insanlara, məsələn, evlərin təmiri və istilik avadanlıqları ilə təminat vasitəsilə təcili yardım göstərən BMT təşkilatlarına və qeyri-hökumət təşkilatlarına yönəldiləcək”, - deyə Vadeful qeyd edib.

Bundan əlavə, Berlin Kiyevə dəstək məqsədilə NATO-nun xüsusi fonduna 10 milyon avro köçürəcək. Almaniya XİN rəhbərinin sözlərinə görə, bu vəsait Ukrayna Silahlı Qüvvələrinin mərkəzləşdirilməmiş enerji təchizatının dəstəklənməsinə, hərbi hospital və tibb müəssisələrinin xilasetmə avadanlıqları ilə təmin olunmasına, həmçinin dronlardan müdafiə sistemlərinin maliyyələşdirilməsinə sərf ediləcək.

Qeyd edək ki, Vadeful bu gün Kiyevə səfər edib. Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, səfərin gündəliyinə Ukraynaya yardım göstərilməsi və iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri daxildir.