BAKI, 22 avqust. TELEQRAF
NATO-nun şərq cinahında yerləşən ölkələr ABŞ qoşunlarının Avropadakı sayının azaldılmasının qarşısını almaq üçün onların yerləşdirilməsi ilə bağlı xərclərin daha böyük hissəsini öz üzərlərinə götürməyi planlaşdırırlar.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin məlumatına görə, Şərqi Avropadakı NATO üzvləri öz ərazilərində yerləşdirilən ABŞ hərbçiləri ilə bağlı Vaşinqtonun xərclərini azaltmağı təklif edirlər. Məqsəd Donald Tramp administrasiyasını regiondakı Amerika hərbi mövcudluğunu azaltmaq qərarından çəkindirməkdir.
Bildirilir ki, müvafiq təklif NATO müttəfiqlərinin ABŞ müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Elbric Kolbi ilə görüşünə hazırlıq çərçivəsində nəzərdən keçirilir.
Görüşün avqustun 27-də Brüsseldə keçirilməsi gözlənilir.
Daha əvvəl “Bloomberg” ABŞ-nin Avropadakı qüvvələrini azaltmazdan əvvəl NATO müttəfiqlərinin Vaşinqtona verdiyi dəstəyi qiymətləndirəcəyini yazıb.
ABŞ Prezidenti Donald Tramp isə Avropadan əlavə Amerika qoşunlarının çıxarılması ilə bağlı hələ yekun qərar vermədiyini açıqlayıb.