BAKI, 20 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkə rəhbərləri arasında yalnız özünün Şimali Koreya lideri Kim Çen Inla münasibət qura bildiyini deyib.

Teleqraf xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.

“Mənim Kim Çen Inla yaxşı münasibətlərim var. Gördünüz ki, o, Co Baydeni sevmirdi. Barak Obamanı da sevmirdi. O, heç kimi sevmirdi, amma məni bəyənir”, - ABŞ Prezidenti deyib.

Trampın sözlərinə görə, onun Şimali Koreya lideri ilə münasibətləri yaxşıdır və tərəflər arasında danışıqlar aparılır.

“Biz çox yaxşı yola gedirik. Gözəl görüşlərimiz olub. Danışırıq. Düşünürəm ki, mən prezident olduğum zaman ölkəmiz, eləcə də Yaponiya və Cənubi Koreya kimi digər ölkələr başqa birinin prezident olması ilə müqayisədə daha təhlükəsizdir”, - Tramp əlavə edib.

ABŞ Prezidenti Kim Çen Inla “danışırıq” ifadəsi ilə konkret olaraq nəyi nəzərdə tutduğunu açıqlamayıb.

Tramp avqustun 18-də Şimali Koreya liderinin danışıqlar aparmaq təklifinə cavab verib-vermədiyi barədə suala müsbət cavab vermişdi. O, həmçinin 2026-cı ildə Kim Çen Inla görüşəcəyini gözlədiyini bildirib. Tramp Şimali Koreya lideri ilə məktub mübadiləsi aparıb-aparmadığı barədə suala isə cavab verməyib.