BAKI, 27 aprel. TELEQRAF
Yaponiyada Hörmüz boğazına Özünümüdafiə Qüvvələrinin göndərilməsi məsələsində ictimai rəy demək olar ki, iki hissəyə bölünüb.
Teleqraf "Nikkei" nəşrinə istinadən xəbər verir ki, sorğu iştirakçılarının 48%-i belə addımı dəstəkləyir.
Məlumata görə, respondentlərin 36%-i hərbi qüvvələrin yalnız ABŞ və İsrailin İrana qarşı əməliyyatları başa çatdıqdan sonra göndərilməsini mümkün sayır, 12%-i isə bunu münaqişə davam etdiyi müddətdə dəstəkləyir.
Eyni zamanda, sorğu iştirakçılarının 45%-i Yaponiyanın Özünümüdafiə Qüvvələrinin Hörmüz boğazına göndərilməsinə qarşı çıxır.
Qeyd olunur ki, hakim Liberal Demokrat Partiyası məsələ ilə bağlı minatəmizləmə gəmilərinin bölgəyə göndərilməsini yalnız ABŞ və İran arasında atəşkəs razılaşmasından sonra nəzərdən keçirməyi təklif edib.
Bildirilir ki, Yaponiyanın Baş naziri Sanae Takaichi daha əvvəl ABŞ Prezidenti Donald Tramp ilə görüşündə mövcud hüquqi məhdudiyyətlərə görə hazırda belə addımın mümkün olmadığını vurğulayıb.
Sorğu aprelin 24-26-da keçirilib və təxminən 1000 nəfər iştirak edib.