BAKI, 27 aprel. TELEQRAF
2025-ci ildə dünyada hərbi xərclər 2,887 trilyon dollara çataraq əvvəlki illə müqayisədə artım göstərib.
Teleqraf SIPRI-yə istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 2,9% çoxdur.
Məlumata görə, hərbi xərclər ardıcıl 11-ci ildir artım nümayiş etdirir və onların qlobal ÜDM-də payı 2,5%-ə çatıb. Ən böyük xərclərə malik ölkələr ABŞ, Çin və Rusiyadır – bu üç ölkə birlikdə dünya üzrə hərbi xərclərin 51%-ni təşkil edir.
Hesabatda qeyd olunur ki, ABŞ-də hərbi xərclər azalsa da, Avropada 14%, Asiya və Okeaniyada isə 8,1% artım qeydə alınıb. ABŞ-nin hərbi xərcləri 2025-ci ildə 954 milyard dollar təşkil edib.
Rusiya üzrə xərclər 5,9% artaraq 190 milyard dollara, Ukraynada isə 20% artaraq 84,1 milyard dollara yüksəlib. Bu ölkələrdə hərbi xərclərin dövlət büdcəsindəki payının rekord həddə çatdığı bildirilir.
Ekspertlərin fikrincə, qlobal geosiyasi gərginlik, münaqişələr və silahlanma proqramlarının genişlənməsi səbəbindən hərbi xərclərin artımı yaxın illərdə də davam edə bilər.