BAKI, 9 aprel. TELEQRAF
Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğramış Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsi ilə bağlı aparılan araşdırmaların aralıq hesabatı yayımlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, mütəxəssislər tərəfindən götürülən nümunələrin laborator analizi zamanı təyyarənin həm daxili, həm də xarici hissələrində hansısa partlayıcı maddə qalığına rast gəlinməyib:
"Təyyarənin "qara qutu"sunun təhlili göstərir ki, hadisə anına qədər heyət üzvlərinin danışıqlarında və texniki sistemlərin fəaliyyətində hansısa anomaliya qeydə alınmayıb. Qəza zamanı təyyarənin quyruq hissəsinin gövdədən ayrılması nəticəsində məlumat axını kəsildiyindən, son saniyələrə dair rəqəmsal faktlar mövcud deyil. Texniki komissiyanın rəyinə əsasən, təyyarənin mühərrik və pərvanə blokları qəza anınadək normal işləyib. Araşdırmalar nəticəsində mühərriklərdə qüsur olmadığı, pərin qopması kimi gövdəyə zərər verə biləcək halların yaşanmadığı təsdiqlənib. Təyyarənin daxili və xarici elementlərində heç bir partlayıcı maddə izinə rast gəlinməyib. Bununla da hadisənin terror aktı və ya kənar müdaxilə nəticəsində baş verməsi ehtimalı tamamilə istisna olunub".
Nazirliyin hesabatında təyyarənin düşməsinə səbəb ola biləcək ehtimalolunan ssenari də təqdim edilib:
"Qanadın üst hissəsində yerləşən oxlardan birinin karbon qazı balonu ilə birlikdə yerindən çıxaraq təyyarənin quyruq gövdəsinə çırpıldığı ehtimal olunur. Bu toqquşmanın təsiri ilə şaquli və üfüqi tarazlıq sisteminin zədələnməsinin qəzaya yol açdığı bildirilir".
Məlumatda həmçinin vurğulanıb ki, araşdırmalar davam edir.