BAKI, 29 mart. TELEQRAF
Fransa polisi paytaxt Parisin mərkəzində yerləşən “Bank of America” ofisi yaxınlığında terror aktı törətməyə cəhd edən şəxsi saxlayıb.
Teleqraf AFP-yə istinadən xəbər verir ki, hadisə Parisin 8-ci dairəsində qeydə alınıb.
Məlumata görə, şübhəli şəxs əldəqayırma partlayıcı qurğunu işə salmağa çalışarkən ələ keçirilib, onunla birlikdə olan ikinci şəxs isə hadisə yerindən qaçmağa nail olub.
Zərərsizləşdirilən qurğu naməlum maye ilə doldurulmuş beş litrlik qabdan və 650 qram tozşəkilli partlayıcı maddədən ibarət olub. Hazırda qurğu ekspertizaya təhvil verilib.
Qeyd edək ki, Fransanın daxili işlər naziri Loran Nunyes hadisə ilə bağlı antiterror prokurorluğunun istintaqa başladığını bildirib.
Nunyes qeyd edib ki, "Bank of America"a hücum cəhdi İran münaqişəsi ilə əlaqəli ola bilər.
Saxlanılan 17 yaşlı oğlanın əlbir olduğu şəxs hadisə yerindən qaçmağı bacarıb. Dindirilmə zamanı şübhəli şəxs özünün və əlbir olduğu şəxsin naməlum şəxs tərəfindən 600 avro vəd etməklə "işə" götürüldüyünü etiraf edib. İkinci şübhəli hələ də axtarışdadır.