BAKI, 27 mart. TELEQRAF

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən təşkil olunan Beynəlxalq Strateji Kommunikasiya Zirvəsi (Stratcom Zirvəsi 2026) “Beynəlxalq sistemdə qopuş: böhranlar, narrativlər və nizam axtarışı” mövzusu ilə İstanbulda başlayıb.

Teleqraf xəbər verir ki, zirvəyə video müraciət ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirakçıları İstanbulda qəbul etməkdən məmnunluğunu ifadə edərək, şəhəri qitələrin, mədəniyyətlərin və sivilizasiyaların qovuşma nöqtəsi kimi xarakterizə edib.

Türkiyə Prezidenti bildirib ki, İkinci Dünya müharibəsindən sonra formalaşan beynəlxalq sistem dərin legitimlik böhranı ilə üz-üzədir. Bu sistemin institutları və normaları getdikcə təsir gücünü itirir.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, artan münaqişələr, böhranlar və humanitar faciələrin müşayiət etdiyi bu dövrdə, xüsusilə Qəzzada sülhün, sabitliyin və ədalətin bərpası hər zamankindən daha təcili xarakter daşıyır.

Zirvədə çıxış edən Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz müasir dövrün mürəkkəb şəraitində kommunikasiyanın strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, cəmiyyətin dayanıqlığını gücləndirən, düzgün informasiyaya çıxışı asanlaşdıran və dezinformasiyaya qarşı müqaviməti artıran kommunikasiya daxili təhlükəsizliyin əsas elementinə çevrilib.

C. Yılmaz əlavə edib ki, mövcud dövr bir-biri ilə əlaqəli qlobal və regional böhranlarla səciyyələnir. Beynəlxalq sistemin ədalət və sabitliyi təmin etmək qabiliyyəti getdikcə zəifləyir.

Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran açılış nitqində bildirib ki, Zirvədə strateji kommunikasiyanın texniki aspektləri ilə yanaşı, beynəlxalq sistemi formalaşdıran çoxşaxəli böhranlar və bu böhranları dərinləşdirən narrativlər müzakirə olunacaq.

B.Duran vurğulayıb ki, İkinci Dünya müharibəsindən sonrakı nizam artıq tədrici eroziya mərhələsini geridə qoyub və beynəlxalq ictimaiyyət hələ sərhədləri tam müəyyənləşməmiş yeni və qeyri-müəyyən dövrə qədəm qoyub.

O, İmmanuel Vallerstaynin məşhur ifadəsinə istinad edərək deyib ki, “Bildiyimiz dünyanın sonuna gəldik”.

B.Duran əlavə edib ki, bir vaxtlar yalnız akademik proqnozlar və futuristik ehtimallarla məhdudlaşan yanaşmalar artıq real qlobal həqiqətə çevrilib.