BAKI, 23 mart. TELEQRAF

ABŞ kəşfiyyatının keçmiş rəsmisi İranla bağlı mümkün ssenarilər barədə xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Məlumata görə, ABŞ Milli Kəşfiyyat Aparatında terrorla mübarizə mərkəzinin keçmiş rəhbəri Co Kent İranın Xark adasının mümkün ələ keçirilməsinin ABŞ üçün fəlakətli nəticələrə səbəb ola biləcəyini bildirib.

O qeyd edib ki, ABŞ-nin İrana quru qoşunları göndərməsi ehtimalı onu ciddi narahat edir. Kent həmçinin Xark adasının dəniz blokadası və ya ələ keçirilməsi ilə bağlı ssenarilərə diqqət çəkib.

“Düşünürəm ki, bu, fəlakətlə nəticələnəcək”, - deyə o vurğulayıb.

Onun fikrincə, belə bir vəziyyətdə İran adada çoxsaylı girov əldə edə bilər və həmin əraziyə pilotsuz uçuş aparatları və raketlərlə zərbələr endirmək imkanına malik olar.

Bundan əvvəl "Axios" portalı mənbələrə istinadən ABŞ administrasiyasının İranı Hörmüz boğazını açmağa məcbur etmək üçün Xark adasının dəniz blokadası və ya ələ keçirilməsi variantını nəzərdən keçirdiyini yazıb.