BAKI, 23 mart. TELEQRAF
Qətərin milli aviadaşıyıcısı "Qatar Airways" bəzi təyyarələrini müvəqqəti olaraq ölkə xaricindəki hava limanlarına yerləşdirir.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı "Doha News" portalı yayıb.
Məlumata görə, qərar regionda mövcud vəziyyətlə əlaqədar qəbul edilib. Şirkətin mətbuat xidmətindən bildirilib ki, uçuşların intensivliyi normal səviyyəyə qayıtdıqdan sonra həmin təyyarələr yenidən reyslərin icrasına cəlb olunacaq.
Eyni zamanda, "Qatar Airways" xaricdə saxlanılan təyyarələrin dəqiq sayını açıqlamayıb. Buna səbəb kimi isə hazırkı əməliyyat şəraitinin dinamik xarakter daşıması göstərilib.
Məlumata əsasən, son günlər ərzində şirkətə məxsus təxminən 20 təyyarə İspaniyanın Teruel hava limanına yönləndirilib. Bu hava limanı Avropada texniki xidmət və uzunmüddətli saxlanma üzrə ən böyük mərkəzlərdən biri hesab olunur.
Qeyd edək ki, Qətər fevralın 28-də Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar hava məkanını bağlayıb. Martın 7-də məhdud hava dəhlizindən istifadə icazəsi aldıqdan sonra Qatar Airways Həməd Beynəlxalq Hava Limanından bəzi istiqamətlər üzrə repatriasiya reyslərinə başlayıb.
Martın 9-da şirkət hava məkanı bağlandıqdan sonra ilk xüsusi reysi Moskva şəhərinə həyata keçirib, martın 18-dən isə müntəzəm uçuşlar bərpa olunub. Lakin qısa müddət sonra sərnişinlər yenidən reyslərin ləğvi ilə üzləşiblər.